Musa Yaqub: “YAP-ın gedib İsmayıllıda iclas keçirməsi düzgün deyil“

Şair Musa Yaqub "Azadlıq" radiosunun qonağı olaraq bəzi sualları, o cümlədən İsmayıllı olayları ilə bağlı sualları cavablandırıb.

- Ötən həftə İsmayıllıda baş verən hadisələrin ertəsi günü rayonda iclas keçirildi, bölgədən olan deputatlar, ziyalılar da dəvət edilmişdi. Sizi necə, dəvət etmişdilər?

- Məni yox, dəvət etmədilər. Amma sözümü dedim. Dedim ki, torpağını bölürsüz, alırsız, ondan dolanırsız, heç olmasa çörək yediyiniz yerin qədrini bilin, onu söyməyin! Ayıbdır! Camaat narazı qalanda qığılcım da partlayışa çevrilir. Günahı olanlar bircə dəfə etiraf etmirlər. Millətlə güllə ilə danışır, polislə danışırlar. Nə olar üzbəüz danışanda?..

- Sizcə, niyə üzbəüz danışmaq istəmirlər?

- Özlərini yüksək sanırlar. Elə bilirlər mülki koloniyadır. Şəxsi əmlak kimi yanaşırlar.

- Sizcə, son hadisələrdən sonra İsmayıllıda nəsə dəyişə bilər?

- Bilmirəm nə dəyişəcək. Birdən-birə satılan torpaqları geri qaytarmaq, hasarları sökmək çox çətin olacaq. Bəlkə gələcəyin işidir. Bu, bir dərsdir. Yəni bildilər ki, camaat arasında narazılıq var, bunların qədrini bilmək lazımdır.

Bir məqamı da deyim. Məncə, YAP-ın gedib İsmayıllıda iclas keçirməsi düzgün deyil. Bu, partiya işi deyil ki. Bu, dövlət işidir. Camaat narazılıq edib, dövlətdən narazılıq edib, partiyadan narazılıq etməyib ki...

- "Məmurlar İsmayıllı torpaqlarını zəbt edir, əhalini saymır, bəs biz bu torpaqları geri ala biləcəyikmi?"

- Şükür Allaha ki, torpaq daşınmır. Qızıl olsaydı, daşıyıb aparardılar. Şükür, tikilən də orda qalacaq, torpaq da. Hər şey dönüb-düzələcək yəqin. Nə vaxt olacaq? Yəqin özümüzdən, xalqdan asılıdır.


- İsmayıllıda tutulanların buraxılması üçün Musa Yaqub nə edir?

- Heç nə etmirəm. Yəni etmək qüdrətində olaramsa da... Demirəm... Bilirsən məndən belə yerdə güvənc eləmək, adamlar buraxılsın söyləmək... De görüm, belə vaxtda şairin sözünə qulaq asacaqlarmı? Xüsusilə də bir az müxalif olan şairin sözünə qulaq asacaqlarmı? Mən də bu sualı verirəm.

- Ziyalılar Forumunun üzvüsüz. Bu qurumun yaradıcılarından Rüstəm İbrahimbəyovun adı ətrafında cərəyan edənlərə, onun başçılıq etdiyi kino qurumunun Hökumət evindən çıxarılmasına münasibətiniz necədir?

- Bu, lazımsız hücumdur. Ziyalıya hücum etmək lazım deyil. Bizim ən hörmətli dramaturqumuzdur, dünya şöhrətli yazıçımızdır. Ona qarşı hay-küy qaldırmaq, o binadan çıxarmaq lazım deyildi. Edirlər. Ancaq nahaq edirlər. Mən də onu həmişə müdafiə edirəm. Biz bir yerdəyik. Gərək dözümlü olasan. O da dövlətin, elin yaxşılığı üçün vuruşur.

- Bu günlərdə ağsaqqal kimi prezidentə nə məsləhət verərdiz?

- Ədalətli olsunlar. Vətəndə, dövlətdə ədalət olsun, qədirbilənlik olsun, söz qədri bilinsin, azadlıq olsun! Bunlar cəmiyyət üçün böyük nemətdir.

Demokratiya ilə ayaqlaşmaq lazımdır. Bir arzum var: bu dövlət zoru aradan qaldırsın. Bir yaxşı seçki keçirilsin. Görüm mənim millətim səs verə bilirmi? Nə vaxtacan quşla şah seçəcəyik?.. Əllərini seçicilərin üstündən çəksinlər!

AzNews.az