Xalq yazıçısının əsəri ölkəni qarışdırdı Xalq yazıçısının əsəri ölkəni qarışdırdı

“Əkrəm Əylisliyə nəsə olacaq”

Xalq yazıçısının əsəri ölkəni qarışdırdı



İki gündür ki, ölkə mətbuatının gündəmini xalq yazıçısı Əkrəm Əylisi haqqındakı yazılar bəzəyir. O, "Daş yuxuları" əsərinə görə ermənipərəstlikdə ittiham olunur.

AzNews.az bununla bağlı bir neçə ədbiyyat adamına, ictimai şəxslərə müraciət etdi. Məlum oldu ki, əksəriyyət bu əsəri oxumayıb. Bundan savayı isə bəziləri məsələ ilə bağlı münasibət bildirmək istəmədi.

Amma şair Musa Yaqub hesab edir ki, Əkrəm Əylislinin başında qara buludlar fırlanır:

"Mən onu çoxdan oxumuşam. Baxıram qəzetlərə, hamı Əkrəmi ittiham edir. Əkrəm haqqında bu sözləri əvvəllər də deyirdilər. Amma Əkrəm elini, obasını, torpağını sevən adamdı, onda ermənipərəstlik qətiyyən yoxdur. Necə oldu ki, bu adam birdən- birə dəyişdi? Mən bunu düzgün hesab etmirəm. Əsər haqqında ancaq mütəxəssislər, ədəbiyyat adamları təhlil apara bilər. Təbii ki, əgər təhlili bacarırlarsa. Yoxsa bir-iki cümlə ayırıb, onu ermənipərəstlikdə ittiham etmək əsassızdır. Məncə bu da Əkrəmə qarşı hesablanan bir oyundur. Nəsə olacaq...."


Kinodramaturq Eldəniz Quliyevin fikrincə, Əkrəm Əylislinin müdafiəyə ehtiyacı yoxdur:

"Mənim qorxduğum şey baş verdi. Azərbaycan-Ermənistan arasında gedən Qarabağ savaşı şəhidlərdən, torpaq itkisindən, göz yaşlarından, talelərin puç olmasından daha artıq bir faciə bəxş elədi. Yalançı millətçilik meylləri artır. Bu gün Əkrəm Əylisliyə qarşı olan haqsız hücumlarda da bu, özünü göstərir. Bu nə Cümşüd Nuriyevin, nə də onun yazısına şərh yazanların başa düşdüyü məsələdir. O ki, qaldı Əkrəmin ermənilərə üstünlük verib azərbaycanlıları aşağılamasına, bu, boş cəfəngiyatdır. Bu sözün sahibləri Əkrəmin əvvəla bir cümləsi və bir hekayəsinə də dəymirlər. Kaş elə Azərbaycanda Əkrəm qədər öz torpağını, xalqını, mənəvi dəyərlərini sevən 5-10 nəfər olaydı. Onda Azərbaycan bu gündə olmazdı. Əkrəm tarixdə qalacaq... Əkrəm Azərbaycanı sevməyi ilə tarixdə qalacaq".

Bahar Rüstəmli
AzNews.az