Milli Ordu ilə bağlı daha bir biabırçı VİDEO- “Şillə yarışı”

Sosial mediada geniş yayılmış videoda Azərbaycan ordusuna məxsus hərbçinin sıravi əsgərləri şillə yarışına çıxardığı göstərilir. Əsgər ölümündən sonra hiddətlənmiş cəmiyyətdə bu videonun üzə çıxması orduda nizam-intizamın bərbad durumuna olduğuna dair ittihamlara yeni əsaslar verir.
Videoda çarpayıda uzanmış şəxsin qarşısında dayanmış beş gəncə bir-biri ilə şillə yarışına girmək göstərişi verdiyi nümayiş etdirilir. Əsgərlərdən ikisi bir-birini sərt şəkildə şillələməyə başlayır. Əsgərlər bir-birlərini şillələdikcə çarpayıda uzanan şəxsin və onun ətrafındakıların ucadan gülüş səsləri eşidilir.

Hansısa məqamda çarpayıda uzanan şəxs "Bir, iki, üç, başlayın!" deyərək başqa əsgərlərə bir-birlərini şillələməyi əmr edir. "Yarış" iştirakçıları şillə zərbələrinin ağrısından sifətlərini və qulaqlarını tuturlar.
Bu videonun üzə çıxması orduda geniş hal almış özbaşınılıqlarla bağlı cəmiyyətdə böyük narazılığın baş qaldırdığı vaxta təsadüf edir.


Rus-Sovet ordusundan bir çox üzdəniraq praktikaları miras almış Azərbaycan ordusunda əsgərlərin alçaldılması və təhqir olunması geniş hal alıb. Təkcə 2012-ci ildə Azərbaycan ordusunun 77 əsgəri qeyri-döyüş şəraitində həlak olub.

Sabiq Sovet dönəmində olduğu kimi, Azərbaycanda 18-35 yaşlar arasında gənclər icbari olaraq orduya çağırılır (amerikaninsesi.org).