Bankomatsız qalan kəndlər - Sakinlər çətin vəziyyətdə

“Gördüm pul yoxdur, dedilər ki, aparıblar”

İnsanlar ay sonunda müavinətlərini almaq üçün bankomatların qarşısında növbəyə dayanmalı olurlar.

ARB Şəki xəbər verir ki, xüsusən də bu cür uzun növbələrin yaranmasına səbəb kənd sakinlərinin də maaş və pensiyalarını almaq üçün şəhərə üz tutmalarıdır. Çünki, əksər kəndlərdə bankomatlar yoxdur. Bu isə əlavə xərc və vaxt itkisinə səbəb olur. Bəs, əslində bankomatlar hansı məsafələrlə quraşdırılmalıdır? Qanunun nə dediyini biz göstərəcəyik.

Ucqar kəndlərdə yaşayan pensiyaçılar təqaüdlərini almaq üçün bankomat tapmaqda çətinlik çəkirlər. Təqaüdçülərin sayına nisbətdə bankomatların sayı azlıq təşkil edir. Xüsusən də təqaüdlərin verilməsi zamanı vəziyyətə daha acınacaqlı olur. Kartlarına köçürülən məbləği almaq üçün bankomatlara üz tutan təqaüdçülər saatlarla növbə gözləməyə məcbur olurlar.

Eyni zamanda kəndlərdə yaşayan təqaüdçülər hər dəfə pensiyalarını almaq üçün şəhər mərkəzinə gəlməli, yaxud da kartını və parolunu kiməsə etibar etməli olur. Hələ bu azmış kimi, əgər bankomatların qarşısında həddindən çox növbə yaranıbsa kənd sakinləri məcburən müavinəti ala bilmədən geri qayıtmalı olurlar.

Bəzən hətta müavinətini almaq üçün başqasına kartını etibar edən şəxsin aldadılması halları da yaşanır. Əsasən də yaşlı nəslin nümayəndələri bunun qurbanı olur.

Əminə Səlimova: “Pensiya kartını saldım, gördüm pul yoxdur. Sosial təminata, poçta və s. yerlərə getdim, dedilər pul götürülüb. Nə qədər axtardım tapmadım”.

Şəkinin Aşağı Küngüt kəndi də bankomatsız kəndlərdən biridir. Bu kəndə quraşdırılacaq yeganə bankomat belə ətraf 8 kəndin sakinlərinin pensiya və əməkhaqlarını rahat şəkildə ala bilmələrinə şərait yaradar. Mütəxəssislərsə bildirir ki, bankomatların quraşdırılması zamanı həmin ərazidə yaşayan təqaüdçülərin sayı nəzərə alınır.

Çalışan şəxs ay sonunda əməyinin qarşılığını almağı səbirsizliklə gözlədiyi kimi, eynilə pensiyaçılar da müavinətlərini gözləyir. Belə olan halda zərbə də elə qazancı aylıq məvacibi ibarət olan vətəndaşa dəyir.

AzNews.az