Qəbul imtahanında 3 nəfər 700 bal yığdı

Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 3-də saat 20:00-dan etibarən elan edib.

AzNews.az xəbər verir ki, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin Azercell mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir.

İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.