- Köhnə - Cəmiyyət
- 17 May 2017 17:16
- 3 252
İmtahanlarda nöqsanlara yol vermiş şəxslər barədə tədbirlər görüləcək
Təhsil naziri Mikayıl Cabbarov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.
Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etsinlər, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etsinlər. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görsünlər, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıdıqlarını nəzərə alsınlar, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratsınlar. İmtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verilməlidir.
Aparatın rəhbəri, Elm, ali və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər.
Qeyd olunub kİ, bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlər görülməli, nəticələr haqda nazirliyin rəhbərliyi məlumatlandırılmalıdır.
Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının nəticələri təhlil olunmalı, müvafiq arayışları müzakirəyə təqdim edilməlidir.
Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova tapşırılıb.