Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı Təhsil Nazirliyinin verdiyi təklifə etiraz edib. Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı Təhsil Nazirliyinin verdiyi təklifə etiraz edib.

Millət vəkili Nazirliyin təklifinə etiraz etdi

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı Təhsil Nazirliyinin verdiyi təklifə etiraz edib.

AzNews.az xəbər verir ki, deputat iyun ayının istisində uşaqları, valideynləri, müəllimləri məktəbə daşımağın bir mənasının olmadığını qeyd edib:

“Nazirliyin yanaşması budur ki, dərslər sentyabrın 15-dən başlayıb iyunun 30-da tamamlanmalıdır. Hətta nazirliyin bu təklifinə normal yanaşsaq belə, o zaman daha yaxşı olmazmı ki, bu iki həftəni sentyabrın 15-i sentyabrın 1-i ilə əvəz edərək gerçəkləşdirək? Yaxşı, deyək ki, dərslər 30 iyuna qədər davam edəcək, o zaman iyun ayının ikinci yarısından sonra hələ bu ilki də daxil 4 il keçirilməsi nəzərdə tutulan Formula 1 yarışları zamanı tıxac və başqa çətinliklərin yaranması ehtimalını necə yola verəcəklər? Digər tərəfdən, iyun ayının istisində uşaqları, valideynləri, müəllimləri məktəbə daşımağın nə anlamı var?”

Fazil Mustafa Azərbayanın təhsil sisteminin inkişaf etmiş ölkələrindən tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə ) sayına görə geri qalmasını da şərh edib:

“Etraf edək ki, oradakı Boloniya sistemi bizdə effektli olmadısa və tədrisin keyfiyyətini ciddi səviyyədə artırmadısa, bəlkə müqayisəyə tələsməyək? Orada uşağı məktəbə xüsusi məktəb maşınları daşıyır, bizdə isə valideynlərin büdcəsi və vaxt israfı hesabına uşaq məktəbə gətirilir. Orada uşaqların məcburi tibbi sığortası var, bizdə isə reallıqda uşaqlar valideyinin parası ilə müayinə və müalicə olunurlar. Orada məktəbli çantasının ağırlığı uşaqların onurğa sütununu zədələmir, bizdə isə ağır kitablarla dolu məktəbli çantalarının sayəsində uşaqların çoxunun indidən beli qatlanmış vəziyyətdədir. Vaxtı uzatmaqla keyfiyyət artmır, əksinə şagirdin də, müəllimin də, valideyinin də əlavə yükü və xərci artır. Yenə də qəti olaraq bu mövqedəyəm ki, dərslər sentyabr ayının 1-i başlamalı və mayın 30 və ya 31-də tamamlanmalıdır. Söhbət iki həftədən gedirsə, bunu tədris müddəti zamanı bəzi lüzumsuz tətil günlərinin hesabına kompensasiya etmək mümkündür.”

Deputat vurğulayıb ki, yay müddətində uşaqların təhsil və təlimdən uzaq düşməməsini istəyiriksə, etibarlı, təhlükəsiz, maddi-texniki bazası yüksək səviyyədə olan yay düşərgə şəbəkəsinin yaradılması və əlçatanlığı barədə düşünməli, müzakirə aparmalı və konkret işlər görülməlidir:

“Əlbəttə, məktəblilərin, tələbələrin tətili boşuna keçirməməsi, təhsildən uzaqlaşmaması yollarını müəyyənləşdirməmiz vacibdir. Ancaq bunu dərs vaxtının yayın ortalarına qədər uzadılması yolu ilə etmək əsas təhsil subyektləri olan valideynlərin, müəllimlərin və şagird-tələbələrin əksəriyyətinin rəyinə qarşı hörmətli davranış sayıla bilməz.”

Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda yeni dərs ilinin başlanması ilə bağlı təklif irəli sürüb. Deputat dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanmasını vacib olduğunu deyib.

Təhsil nazirliyi isə tədris ilini sentyabrın 1-də başlayıb, 14 iyunda bitirilməsini təklif edib.

Bahar RÜSTƏMLİ

AzNews.az