İsmayıllıda sel magistral yolu iflic etdi – Video

İsmayıllıda sel ciddi fəsadlar törədib.

AzNews.az ARB-yə istinadən xəbər verir ki, İsmayıllı rayonunda bugün günorta saatlarından başlayaraq yağan yağış 10-15 dəqiqə ərzində güclənərək Qurbanəfəndi kəndinin Şirinsu ərazisində, Qəbələ İsmayıllı yolunun 17 km-də magistral yolda avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Özü ilə daş parçaları və ağaclar gətirən güclü sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün selin qarşısını almaq mümkün olmayıb. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyib. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası əraziyə cəlb olunub, yaranan təhlükənin qarşısı alınıb.

Qabaqlayıcı tədbirlər nəticəsində avtomobillərə ziyan dəyməyib. Hərəkət bərpa olunub.