Quba “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsində aşınma gedir

“Biz Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə bu ilin aprel ayında müəyyən geoloji işlər aparmışdıq. Hazırda orada aşınma prosesləri gedir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

O bildirib ki, “Soyqırımı memorial kompleksi” Quba şəhərinin şimalında, Qudyalçayın sağ sahilində, çayın əmələ gətirdiyi terrasın üzərində yerləşir: “Məzarlığın olduğu sahədə aparılan arxeoloji qazıntılar zamanı yamac terras şəklində kəsilib. Həmin yamac da bərkiməmiş, əlaqəsiz çöküntülərdən ibarətdir. Orada fiziki aşınma prosesi gedir. Məzarlığın olduğu yerin metal dam örtüyü var və onun divarları plastik materiallardan ibarətdir. Mövsümlə əlaqədar, fəsillərdən asılı olaraq məzarlıqda havanın temperaturu kəskin dəyişir. Yəni, havanın soyuması və isinməsi ilə əlaqədar olaraq qruntun qeyri-bərabər sıxılması və genişlənməsi baş verir. Nəticədə mürəkkəb temperatur çatları yaranır”.

Ə. Qaralov qeyd edib ki, bu prosesin uzun müddət davam etməsi sahənin geoloji mühitində iştirak edən qruntun parçalanmasına, qəlpələnməsinə, xırdalanmasına gətirib çıxarır: “Zaman-zaman ovulmalar gedir. Artıq məsələ ilə əlaqədar Komissiya yaradılıb. Əraziyə baxış keçirilib, məzarlığın hansı şəkildə qorunması ilə bağlı yekdil rəyə gəlinəcək”.

Qeyd edək ki, Quba şəhərindəki “Soyqırımı memorial kompleksi”nin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin son vaxtlar təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Quba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün Komissiya yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov komissiyanın sədri təyin edilib.

Komissiyanın tərkibinə həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının A. Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Toğrul Musayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Seymur Fətəliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni daxildirlər.

Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.

AzNews.az