Kaspşik nənə və nəvənin həlak olduğu yerə baxış keçirib

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Füzuli rayonunun Alxanlı kəndi istiqamətində qoşunların qarşıdurma xəttində olub.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Alxanlı kənd ərazi nümayəndəsi İlham İsrafilov bildirib ki, erməni silahlı bölmələrinin iyulun 4-də açdığı atəş nəticəsində həlak olmuş kənd sakinləri - 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və nəvəsi, 2015-ci il təvəllüdlü Zəhra Quliyeva dəfn olunan vaxt A. Kaspşik hərbçilərin müşayiəti ilə avtomobillə sakinlərin yanından keçərək ön xəttə gedib.

Ön xətdə müşahidələr aparan şəxsi nümayəndə hərbçilərin müşayiəti altında Alxanlı kəndinə qayıdaraq, erməni silahlı bölmələrinin dünən axşam atdığı mərmilərin düşdüyü, kənd sakinlərinin həlak olduğu yerə baxış keçirib.

A. Kaspşik kənd sakinləri ilə görüşməyib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

AzNews.az