Bakı metrostansiyası yay vaxtına keçir

Bakı Metropoliteni iyulun 10-dan yay qrafiki ilə hərəkət edəcək.

Bu barədə AzNews.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətiin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır.

“Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Qrafikə uyğun olaraq, bir saat ərzində hərəkət yükü nəzərə alınaraq, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Gur saatlarda «Həzi Aslanov» stansiyasından «28 May» stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq. Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervalla hesablanmış hərəkət təşkil ediləcək. Metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. «28 May» stansiyasından sonra hərəkət zamanı həm «İçərişəhər», həm də «Dərnəgül» stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir”.

Nəsimi Paşayev qeyd edib ki, yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az