"Heç kim xalqın iradəsinə qalib gələ bilməz" - Əli Həsənov

Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş "15 iyul dastanı" adlı tədbir keçirilir.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak edirlər.

Əvvəlcə "15 iyul" şəhidləri 1 dəqiqəlik sükutla yad edilib. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib və TRT kanalının hadisədən lentə aldığı kadrlar yayımlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Türkiyədə ötən il 15 iyulda yaşananların çox ağır hadisə olduğunu söyləyib:

"Tədbirdə yayımlanan görüntülərdə o müdhiş gecəni izlədik. Kim də bilməsə, Azərbaycan xalqı bu hadisələrin nə olduğunu yaxşı bilir. Çünki biz özümüz də 1993-cü ildə və ondan əvvəlki illərdə belə hadisələrin şahidi olmuşuq. Həmçinin Azərbaycanda 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişi cəhdləri olub. Hər iki halda Azərbaycanda da belə xain qüvvələr şəxsi ambisiyalarını xalqın iradəsindən üstün tutaraq dövlətə, dövlətçiliyə əl uzatdılar, silah işlətdilər və Azərbaycanda qanuni hakimiyyəti devirməyə cəhd etdilər. Ancaq onların nəyə nail olduqlarını burada oturanlar çox yaxşı bilir".

Ə.Həsənov qeyd edib ki, həm Azərbaycanın yaşadığı olaylar, həm də Türkiyədə 1 il əvvəl yaşanan hadisələr bir neçə ciddi həqiqəti ortaya çıxardı: "Bu həqiqəti siyasətlə məşğul olan və hakimiyyət iddiası ilə yaşayan insan bilməlidir: birincisi odur ki, heç kim xalqın iradəsinə qalib gələ bilməz, xalqın iradəsi ölkədəki bütün iradələrdən üstündür və ona qalib gəlmək hələ indiyədək heç kimə müyəssər olmayıb və yəqin ki, bundan sonra da olmayacaq".