Dövlətin dəstəyi medianın müstəqilliyini möhkəmləndirir

XX əsrin sonlarında Azərbaycan ikinci dəfə müstəqilliyini bərpa etdikdən bir müddət sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, milli mətbuatın inkişafında da əsaslı dönüş yaranıb.

AzNews.az Kaspi.az-a istinadən xəbər verir ki, xüsusən də 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev demokratik inkişafı, vətəndaş cəmiyyəti quruculuğunu dövlət siyasətinin başlıca istiqaməti kimi müəyyən edib. Ulu öndər ölkədə söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələri, o cümlədən senzuranı aradan qaldırıb, kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Beləliklə, mətbuatın kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəlməsinə şərait yaranıb. Azərbaycan milli jurnalistikası həmin dövrdən başlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılmasından sonra ölkəmizdə mətbuat daha sürətlə inkişaf etməyə başlayıb. Mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində də mühüm işlər görülüb.

Hazırda Azərbaycanda 5 mindən artıq KİV, o cümlədən yüzlərlə qəzet, jurnal, çoxsaylı televiziya və radio kanalları, onlarla mətbuat yayımı şirkəti və jurnalist təşkilatı fəaliyyət göstərir. İnternetin sürətli inkişafı çoxsaylı informasiya resurslarının yaranmasına da səbəb olub, yeni-yeni xəbər portalları, onlayn media qurumları həyata vəsiqə alıb. Ölkə əhalisi arasında internet yayımı 80 faizə çatıb, sosial şəbəkə istifadəçilərinin sayı 2 milyondan çoxdur. Bütün bunlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyinin, xüsusən də dövlət başçısının mediaya diqqətlə yanaşdığının, onun azad sözə, azad fikrə geniş imkanlar yaradılmasının tərəfdarı olduğunun göstəricisidir. Lakin əfsuslar olsun ki, bəziləri dövlətin mediaya dəstəyini, ölkə başçısının bu sahəyə həssas yanaşmasını doğru-düzgün qəbul etmir, bunu medianın fəaliyyətinin çərçivəyə salınması, müstəqilliyinin azaldılması kimi anlayırlar. Halbuki, Prezident İlham Əliyev Milli Mətbuat Günü ərəfəsində jurnalistlər üçün nəzərdə tutulan yaşayış binasının açılış mərasimində çıxış edərək, Azərbaycan jurnalistikasının inkişaf etdiyini, cəmiyyətdə çox müsbət rol oynadığını vurğulayıb. Qeyd edib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər aparır.

Prezident İlham Əliyev bildirib ki, jurnalistlər cəmiyyəti incidən, narahat edən problemləri üzə çıxarırlar. O, deyib ki, bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edir. Dövlət başçısı bu mənada jurnalistləri özünün köməkçisi adlandırıb: "Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz”.

Dövlət başçısı İlham Əliyevin söylədiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan dövlətinin, Prezidentinin mediaya dəstək verməsinin mahiyyətində mətbuatın fəaliyyətini çərçivəyə salmaq, onun müstəqilliyini əlindən almaq deyil, müstəqil medianın daha da inkişafına təkan vermək dayanır. Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu mövzuya dair "Kaspi”yə açıqlamasında bildirib ki, dövlətin vətəndaşına qayğı göstərməsi onun funksiyasıdır. O, vaxtilə qəzetlərin maddi baxımdan ağır təhlükə altında olmasını xatırladıb. Deyib ki, ulu öndər Heydər Əliyevin mətbuata qayğı siyasətini Prezident İlham Əliyev daha da şaxələndirib: "Yazılı media orqanlarına onların təqdim etdikləri layihələr çərçivəsində maliyyə dəstəyi göstərilir. Bu redaksiyalarda onlarla azərbaycanlı çalışır, dövlətin maliyyə dəstəyi onların iş yerlərində davamlı əmək haqqı almalarına səbəb olur. Bununla yanaşı, artıq 410 jurnalist mənzillə təmin olunub. Hansı ki, bu jurnalistlər əmək haqqı ilə heç vaxt ev sahibi ola bilməzdilər. Bütün bu dəstəyin, qayğının müqabilində hələ elə bir KİV orqanı yoxdur ki, sifariş aldığını desin. Elə bir jurnalist yoxdur ki, ona hansısa məsələ ilə bağlı diktə edildiyini bildirsin. Əksinə, ikinci binanın açılış mərasimində Prezident İlham Əliyev jurnalistləri neqativ hadisələrin üstünə getməyə, onları yazıb işıqlandırmağa çağırdı. Bu gün iqtidaryönlü qəzetlərin səhifələrini açıb tənqidi yazılara rast gələ bilərsiniz. Dövlətin mətbuata qayğısı nə müstəqilliyə, nə də jurnalistin sərbəst düşüncəsinə az da olsa mənfi təsir etmədi. Monitorinq aparsaq, görərik ki, neçə-neçə məmur məhz dövlətdən dəstək alan mətbuat orqanlarının yazdıqları əsasında vəzifələrini itirdilər, onlar arasında məsuliyyətə cəlb olunanlar da oldu. Məhz ona görə Prezident jurnalistlərə üzünü tutub "Siz mənim köməkçilərimsiniz” dedi. Bu şəraiti yüksək dəyərləndirmək, etimada görə dövlət başçısına minnətdarlıq edərək, peşəkar fəaliyyət çərçivəsində dövlətçiliyi qorumaqla yolumuza davam etməli, jurnalistikanın qədim ənənəsinə - obyektivlik və dövlətə qayğı fəlsəfəsindən yaranan ənənəyə xələl gətirməməliyik”.

"Region Plus” jurnalının baş redaktoru Namiq Mailov Azərbaycanda jurnalistlərə dövlət tərəfindən mənzillərin verilməsinin dünyada ilk belə təcrübə olmasına diqqət çəkib. Bildirib ki, bununla Azərbaycan dövləti mətbuata, jurnalistlərə dəstəyini ifadə edir: "Bilirsiniz ki, bizdə dövlət həmçinin media orqanlarına maliyyə dəstəyi göstərir və onların arasında ən müxtəlif yönümlü, ən fərqli baxışları olan media qurumları var. Eyni yanaşma mənzillərin paylanması zamanı da tətbiq olunur. Buna əmin olmaq üçün jurnalist binalarında mənzil alan həmkarlarımızın siyahısını xatırlamaq bəs edir. Yəni burada hər hansı bir çərçivədən və ya azad sözün məhdudlaşdırılmasından söhbət gedə bilməz. Ümumiyyətlə, ölkədə minlərlə jurnalistin, mətbu orqanın olduğu, sosial şəbəkələrin, internetin güclü inkişaf etdiyi bir şəraitdə cəmi 400-500 nəfər jurnalistin mənzillə təmin olunması ilə mətbuatın çərçivəyə salınmasını düşünmək məntiqdən də kənar olardı. İlk mənzillərin verilməsimdən ötən müddət göstərdi ki, dövləti tənqid edən də, təqdir edən də yenə öz mövqeyində, öz işindədir. Elə ölkə başçısının bizdən istədiyi də odur. Yadımdadır, 2013-cü ildə mənim də mənzil aldığım ilk binanın açılışında prezident İlham Əliyevin bizə yeganə çağırışı o oldu ki, ümummilli məsələlərdə vahid mövqedən çıxış edək. Bu il o, eyni çağırışı yenidən etdi. Bu isə hər bir azərbaycanlının mənəvi borcudur”.