Azərbaycan yanğınsöndürənləri Gürcüstanda böyük sahədə yanğını söndürüblər

Azərbaycan yanğınsöndürənlərinin Gürcüstanda meşə yanğınlarının aradan qaldırılması əməliyyatlarında iştirakı davam edir.

APA-nın yerli bürosunun məlumatına görə, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğın ərazisində 20 hektara yaxın sahəni tam söndürüblər. Hazırda yanğınsöndürənlər dörd yanğın nöqtəsində təbii fəlakətin aradan qaldırılması prosesində iştirak edirlər.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

AzNews.az