FƏXRLƏRİMİZİN UYUDUĞU FƏXRİ XİYABANDAN ƏCNƏBİCƏ HAL-ƏHVAL FƏXRLƏRİMİZİN UYUDUĞU FƏXRİ XİYABANDAN ƏCNƏBİCƏ HAL-ƏHVAL

AzNews.az-ın əməkdaşı baş daşları ilə “danışdı” – REPORTAJ

FƏXRLƏRİMİZİN UYUDUĞU FƏXRİ XİYABANDAN ƏCNƏBİCƏ HAL-ƏHVAL



Burada Azərbaycanın düşünən başları, döyünən ürəkləri, danışan dilləri uyuyur. Sağlıqlarında bəlkə də çoxumuzun bir dəfə belə ünsiyyətdə olmaq imkanı qazanmadığımız bu şəxslərin vəfatından sonra məzarını ziyarət etmək imkanımız var. Bu imkandan necə yaralandığımız başqa söhbətin mövzusudur. Hələlik isə biz sizə Azərbaycanın fəxrlərinin uyuduğu məzarların bizimlə "söhbəti"ni təqdim edəcəyik. O söhbətdə kədər də var, qürur da, ümid də... Bircə giley yoxdur, dahilər gileylənməyi sevmir, zatən millət onları gileyləri ilə o qədər doyurur ki, ölümündən sonra belə məzar daşlarına söylənən gileylərin ünvanını tapması bəlkə də elə gileyin çoxluğu səbəbindən mümkün olmur.

Fəxri Xiyabandayıq, hər bir azərbaycanlının ildə heç olmasa bir dəfə ziyarət etməli olduğu məkanda. Burada lal bir sükut hakimdir, arabir ayaq səsləri də olmasa sakitliyin cənnətinə çəkildiklərini güman edərsən. Çox şeylərdən söhbət açır bu məzarlar, keçmişdən, bu gündən, gələcəkdən... Burada unutmağın və unudulmağın acısını da görmək olar, xatırlanmağın sevincini də, yad edilməyin qəhərini də. Burada sükutla danışır məzarlar, xiyabanın səssizliyini poza biləcək bir sükutla...

Oxuya və tanıya bilmədiklərimiz

Ziyarət etdiyimiz hər məzarda öncə kimlik axtarırıq. Bəziləri var ki, kimliklərini yazdıqları tarix səhifəsindən oxumaq olar, bəzilərini sadəcə məzar daşında axtarsan taparsan, bəzisini isə heç orda belə tapmaq mümkün deyil. Bəzisi hələ də rus dilində danışır. Bəzisi kiril əlifbasında, bəzisi isə müstəqil dövlətin müstəqil əlifbası və öz dili ilə. Hələlik biz hər üçünü oxuya bilirik, amma yanımızdan ötüb keçən 5-ci sinif şagirdləri bu imkandan məhrumdur. Ona görə də onlara qəribə gələn yazıların olduğu məzar daşlarında yazılanları müəllimlərindən soruşmaq məcburiyyətindədirlər. Müəllim səbri burda da özünü göstərir, bizim səbrimiz isə ancaq bir neçə açıqlama verməyə çatır. Bundan o tərəfi yenə müəllimin öhdəsinə...

Onu Azərbaycanın alovlu şairi adlandırırlar - Xəlil Rza Ulutürk. 1994-cü ildə vəfat edib, məzarının üzərindəki yazılar latın əlifbasında olsa da, hələ də şairin görüşünə gələn gül dəstəsi kiril əlifbası "danışır".

İmam Mustafayev 1997-ci ildə vəfat edib, məzarın üzərindəki yazılar hələ də latın əlifbasına dəyişdirilməyib. Baxmayaraq ki, 1997-ci ildə bu yazıları elə latınca da yazmaq olardı və lazım idi.

İ. Mustafayevin məzar "qonşusu" Ziya Bünyadov da eyni ildə bu dünyanı tərk edib, amma onun məzarı üzərində yazılanları "beşincilər" öz doğma əlifbalarında rahatlıqla oxuya bilirlər.

Eynilik və fərqlilik arasında

Azərbaycan teatrını əfsanəsi Mərziyə Davudovaya isə ana dilini belə çox görüblər. Mərziyə xanımın məzarüstü yazıları hələ də rus dilindədir və bəlkə də yeni məzar daşının bu böyük Azərbaycan sənətkarının gələcək nəsillərə tanıtdırmaq üçün necə böyük rol oynadığı anlaşılana qədər elə belə də qalacaq.

Səhnəmizin daha bir ulduzu - Leyla Bədirbəyli həyata 1999-cu ildə vida edib, amma həmin il heç kəsin yadına əlifbamızın dəyişdiyi düşməmiş olmalıdır ki, məzarüstü yazılar kirilcədir.

Elə həmin il vəfat edən Səfiyar Musayevin məzarüstü yazıları latın qrafikası ilə olduğundan oxunması ən azı uşaqlara problem yaratmır.

Uyğunsuzluq 1994-cü ildə dünyamızı tərk edən Afiyəddin CəlilovŞəmsi Rəhimovun da məzarüstü yazılarında özünü göstərir. Eyni il və iki fərqli məzar daşında iki fərqli əlifba...

Xalq şairi Süleyman Rüstəm hələ Azərbaycanın SSRİ tərkibində olduğu 1989-cu ildə vəfat edib, ancaq bəllidir ki, məzarüstü yazılar sonradan latına dəyişdirilib. Elə Rəşid Behbudovla bağlı da eyni fikirləri söyləmək olar.

Fəxri Xiyabanda əsasən ötən əsrin 50-60-cı illərində qoyulan məzar daşlarında rus dilinin hakimliyi özünü göstərir. Ancaq elə hakimliyin ən görkəmli vaxtında dünyasını dəyişən Akademiyanın ilk prezidenti Mirəsədulla Mirqasımovun (1883-1958) tanınması üçün yazıların latıncaya dəyişdirilməsi də yəqin ki, az rol oynamır.

Əlifba təlatümü məzarlarda xatırlanır

Məzarların arasında biri diqqətimi cəlb edir. Ona görə yox ki, dəbdəbəsi ilə fərqlənir. Əksinə sadəliyi ilə seçilir. Diqqətimi cəlb etməsi isə mənim bir zamanlar məhz həmin şəxsin - Nazim Hacıyevin adını daşıyan məktəbdə oxumağımdır. Nə o zaman, nə də indi Nazim Hacıyevin kim olduğunu doğru-dürüst anladacaq birinə rast gəlmədim. Elə məzarı da susur - sadəcə Nazim Hacıyev, vəssalam. Kim olduğu barədə bircə sözə belə "xəsislik" edilib.

90-cı illərin əvvəllərində qoyulan məzar daşlarında latın əlifbasına keçidin ilk təlatümləri özünü göstərir. "ə" hərfləri bir çox yerdə "a"nın üzərinə iki nöqtə qoyulmaqla yazılıb. 1991-ci ildə vəfat edən Niyazi Nəcəfovun məzarüstü yazısında olduğu kimi.

Azərbaycanlıya rus, rusa Azərbaycan dili

70-ci illərdə dünyasını dəyişən görkəmli şəxsiyyətlərin məzarları ilə bağlı da durum fərqlidir. Məsələn, 1975-ci ildə vəfat edən Sadıx Rəhimovun məzarüstü yazısı rus dilində, həmin il vəfat edən Xıdır Mustafayevin məzarüstü yazısı kiril əlifbasında Azərbaycan dilində, 1972-ci ildə dünyasını dəyişən, Akademiyanın müxbir üzvü Zülfəli İbrahimovun məzarüstü yazıları isə latın əlifbasındadır. Eyni dövr və 3 fərqli məzar... Bu arada 1969-cu ildə vəfat edən Vladimir Qriqoryeviçin məzarüstü abidəsinin latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmasını da yəqin ki, bu ölkənin müstəqil dövlət olduğunu anlayıb dilimizə və əlifbamıza hörmət edənlərə borcluyuq.

Hüseyn Ərəblinskinin məzarına rus sevgisi

Ən maraqlısı isə 1919-cu ildə dünyasını dəyişən görkəmli sənətkar Hüseyn Ərəblinskinin məzarıdır – rus dilində məzarüstü yazıları ilə. Hətta yaxınlıqda kiril əlifbasında yazılan bir bənd şeir bu "təsadüfü" ört-basdır etməyə kifayət etmir.

Azərbaycana novruz bayramını qaytaran görkəmli dövlət xadimi Şıxəli Qurbanovun məzarının üstündə adı və soyadı kiril əlifbasında olduğu kimi saxlansa da, yaxınlıqda gəncliyin oxuya biləcəyi və həm də deməli tanıya biləcəyi bir yazı var. Bu dəfə latın qrafikasında və Şəxəli Qurbanovun şəxsiyyətini və xidmətlərinin tanıdan qeyd. Sözün əsl mənasında Şəxəli Qurbanovu daha yaxşı tanımağa xidmət edən bir yazı.

Müsavatçılara lənət oxuyan məzarlar

Fəxri Xiyabanda elə məzarlar da var ki, qarşısında ayaq saxlamağa vadar edir. Sadə görkəmli, ancaq baş daşından ibarət olan, dəbdəbəsi ilə diqqəti cəlb etməyən bu məzarlarda elə sözlər yazılıb ki, söz bu yerdə acizdir.

Qasım İsmayılov - bir zamanlar Azərbaycanda adına rayon verilən inqilabçı. Sovet hakimiyyətinin qurulmasına səy göstərən şəxs. Bura qədər hər şey normaldır, əgər məzarını üstündəki "1922-ci ildə əksinqilabçıların əli ilə vəhşicəsinə öldürülmüşdür" sözləri olmasaydı. O zaman "əskinqilabçı" kimi tanıdılanlar indi Azərbaycanın müstəqilliyi uğrunda fədakarlıq göstərənlər kimi anılır. Belə olan halda məzar yazısının dəyişdirilməsinin zamanı da çatmayıbmı? Yaxud daha dəhşətlisi, bu dəfə "ünvan" daha "dəqiq" göstərilən başqa bir məzar - Əli Bayramovun məzarı və üzərində, Azərbaycan və rus dillərində olan yazı - "1920-ci ildə Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüş alovlu bolşevik".

Daha bir məzar. Bu dəfə də eyni ifadələr - bu dəfə "Müsavat qatillərinin əli ilə öldürülmüş Mirfəttah Musəvi". Növbəti məzar və təkrar - "Həşim Əliyev 1919-cu ildə Müsavat qatillərinin əli ilə öldürülmüş".

Adı çəkilən bu şəxslər bəlkə də bir zaman Azərbaycan tarixinin bir parçası olublar. Ancaq indi müstəqil Azərbaycanın özünü Müsavat Partiyasının da qurucusu olduğu Azərbaycan Demokratik Respublikasının varisi hesab edirsə, o zaman Azərbaycanı Rusiyanın boyunduruğu altına salmaq uğrunda mübarizə aparan bu şəxslərin məzarlarını üzərində Müsavat Partiyasının üzvlərin vurulan damğa götürülməlidir.
Əks təqdirdə biz keçmişimizi, bu günümüzü və gələcəyimizi necə tanıtdıracağıq? Bir zamanlar "cəllad" adlandırılanların qurucusu olduğu dövlətdə respublika günümüzü qeyd etməkləmi? ...

Elnarə Əlosmanqızı
AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description