“Qeyri-formal sektorda çalışanlar da tibbi sığorta haqqı ödəyəcək” - Xalid Kərimli

“Azərbaycanda icbari tibbi sığorta sistemində müəyyən sosial kateqoriyalar üçün tətbiq edilən güzəştlərin müddəti 2026-cı il yanvarın 1-dən etibarən başa çatacaq. Sistem tətbiq olunarkən dövlət bir sıra əhali qruplarına dəstək məqsədilə güzəşt mexanizmini müəyyən etmişdi. Lakin gələn ilin büdcə sənədində bu mexanizmin uzadılması nəzərdə tutulmur. Məlumata görə, İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin həcmi təqribən yarım milyard manat azaldılacaq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Qeyd edək ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müzakirələr davam edir. Yeni mexanizmə əsasən, işləməyən və ya qeyri-formal sektorda fəaliyyət göstərən şəxslərin də aylıq 16 manat məbləğində sığorta haqqı ödəməsi planlaşdırılır. Bununla belə, bu məbləğ gəliri qeyri-sabit olan vətəndaşlar üçün müəyyən maliyyə çətinlikləri yarada bilər.

Ekspert bildirib ki, bu qərarın məqsədi dövlətin maliyyə siyasətində səmərəliliyin artırılması və sosial xərclərin optimallaşdırılmasına nail olmaqdır.

"Qeyd olunur ki, dövlət hazırda tələbələr, uşaqlar, pensiyaçılar, əlillər, həmçinin rəsmi şəkildə işsiz kimi qeydiyyata alınan şəxslərin tibbi sığorta haqlarını öz üzərinə götürür. Eyni zamanda, qeyri-formal sektorda çalışan və ya qeydiyyatsız şəxslərin könüllü şəkildə sığorta sisteminə qoşulması nəzərdə tutulur. Bu halda, vətəndaşlar aylıq müəyyən məbləğ ödəməklə icbari tibbi sığorta xidmətlərindən yararlana biləcəklər. Hazırkı yanaşma dövlətin iqtisadi imkanlarının və büdcə sabitliyinin qorunmasına, eləcə də sosial sistemin dayanıqlılığının təmin edilməsinə yönəlib".

Rəfiqə Namazəliyeva,

AzNews.az