“Lotu Quli” azadlığa çıxdı - Gürcüstandadı - Yenilənib

Bir qədər öncə “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı barədə xəbər yayılıb. Xəbər qısa müddətdə əksər informasiya saytlarında tirajlanıb.

AzNews.az xəbər verir ki, virtualaz.org-a Ədliyyə Nazirliyindən verilən məlumata görə, “Lotu Quli” azadlığa çıxıb və hazırda o, Gürcüstandadır.

Qeyd edək ki, məhbəsdə olarkən N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb.
***

Modern.az saytı xəbərə rəsmi münasibət öyrənmək üçün Penitensiar Xidmətlə əlaqə saxlayıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov bildirib ki, məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər:

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”.

Digər məlumata görə, N.Səlifov həbsdən buraxılmayıb, o, saxlanıldığı 8 saylı cəzaçəkmə müəssisəsindən başqa bir yerə köçürülüb.

“Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.

***

16:36

Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.

AzNews.az xəbər verir ki, bu barədə Musavat.com-a N.Səlifova yaxın olan mənbə xəbər verib.

Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.

Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. “Quli” gürcü dilində “ürək” deməkdir. Kriminal aləm ona bu ləqəbi ürəkli olduğuna görə verib. “Quli” Marneulidə doğulan azərbaycanlı Otari Bədəlovla (“Otar”) yaxın dost olub.

“Otar”ın 2003-cü il martın 21-də Moskvadakı “Suşi” barda naməlum şəxslər tərəfindən güllələnməsindən sonra “Lənkəranski”yə “oğru” adı verən “Nardaranlı Mirseymur” da qətlə yetirilib ki, bunu da indiyədək “Quli”nin qisas cavabı hesab edənlər var. İllərdir bu qarşılıqlı qətllər davam edir və son olaraq bu ilin fevralında Moskvadakı “Abşeron” restoranında baş vermiş atışmada da “Quli” və “Lənkəranski” tərəfdarları arasında itkilər olub. Gürcüstan doğumlu azərbaycanlı “qanuni oğru”lar və kriminallar bu davada əsasən “Quli”ni dəstəkləyir. Vaxtilə onlar bu dəstəyi Rusiya kriminalının “xaç atası” sayılan, Gürcüstan doğumlu Aslan Usoyandan da (“Ded Xasan”) alıblar.

“Quli”nin Gürcüstana ekstradisiyası məsələsi bir neçə dəfə gündəmə gəlsə də, bu da hansısa səbəbdən mümkün olmayıb.

Azərbaycanda qətl hadisəsində suçlu bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilən “Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb.