Bakı Şopinq Festivalından bütün tərəflər qalib çıxacaq - BMT rəsmisi

Bakıda Şopinq Festivalın keçirilməsi çox yaxşı ideyadır.

AzNews.az xəbər verir ki, bunu bakushopfest.com saytına açıqlamasında BMT-nin Ticarət və İnkişaf Şurasının (UNCTAD) investisiya siyasəti üzrə direktoru Jorq Veber deyib.

J.Veber qeyd edib ki, Bakı Şopinq Festivalı Azərbaycana hər baxımdan xeyir gətirəcək: “Biz “Bakı”, “şopinq” və “festival” sözlərini yanaşı qoysaq, bu festivalın sonunda bu üç tərəfin qalib gəldiyini görəcəyik. Bakı çox gözəl şəhərdir. Burada şopinq etmək üçün yaxşı imkan var. Şopinq festival çərçivəsində mal və xidmətlərin satılması böyük fürsətdir”.

Onun fikrincə, Bakıda şopinq festivalının keçirilməsi təkcə Azərbaycan deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət kəsb edir: “Çünki həm festival müddətində, həm də festivaldan sonra Bakıya gələn turistlərin sayı əhəmiyyətli dərəcədə arta bilər. Bakı həm öz mədəni irsini turistlərə tanıda, həm də regionda necə böyük bir potensiala sahib olduğunu göstərə bilər. Ümumilikdə, Bakıda bu cür festivalın keçirilməsini çox yüksək qiymətləndirirəm”.

Qeyd edək ki, ilk Bakı Şopinq Festivalı bu ilin 10 aprel – 10 may tarixlərində keçirilib. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosuna həvalə edilib. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də öz əksini tapıb.