1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Ramil Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Ramil Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Oğru azadlıqda cəmi 8 ay qala bildi - Təfərrüat

1979-cu il təvəllüdlü Şirvan şəhər sakini Ramil Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ramil Zeynalov Şirvan şəhər Məhkəməsinin 24 noyabr 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq törətmək) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq törətmək) maddələri ilə təqsirli bilinib.

O, məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilib, 15 avqust 2015-ci il tarixdə cəzasının sonu ilə həbsdən azad olunub.

Ramil Zeynalov azadlığa çıxandan sonra yenə də oğurluğa başlayıb. O, cəmi 8 ay azadlıqda qala bilib.

İttihama görə, Ramil Zeynalov 10 mart 2016-cı il tarixdə saat 1 radələrində Şirvan şəhəri, M.Əsədov küçəsində Tahir Babayevə məxsus fərdi yaşayış evinə girib. O, həyətdəki hamamdan “Eur­olux EU-X18E1” markalı paltaryuyan maşını, yardımçı tikilidən samovar və 10 toyuq oğurlayıb.

Ramil Zeynalova aprelin 12-də Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən həbs edilib və ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilib.

Şirvan şəhər Məhkəməsinin hökmü ilə Ramil Zeynalov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində işinə yenidən baxılmasını istəyib.

Şikayətə Şirvan Apelyasiya Məhkəməsinin hakimi Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə Ramil Zeynalov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Ramil Zeynalov ibtidai istintaqa verdiyi ifadəsində isə oğurluq cinayəti törətdiyini etiraf edib: “Oğuradığım şeylərdən paltaryuyan maşın sındı. Digər əşyaları satmaq üçün Bakı şəhərində olan 8-ci kilometr bazarına apardım. Bazarda təsərrüfat malları satılan dükanları bir-bir gəzmişəm. Samovarı 25 manata, 6 toyuğu isə başqa bir dükana 20 manata satmışam.

Cibimdə olan puldan 27 manatını xərcləmişəm, sonra isə “Binə bazarı” deyilən yerdən taksiyə minərək Şirvan şəhərinə qayıtmışam. Paltaryuyan maşın sındığı üçün isə onu özüm ilə satmağa aparmamışam”.

Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Ramil Zeynalovun apelyasiya şikayəti təmin edilməyib.