Azərbaycanda qırqovul əti - Qiyməti...

Əsasən yerli sort olan qırqovullar soyuğadavamlı olduğundan dağlıq və dağətəyi bölgədə onları yetişdirmək o qədər də çətinlik yaratmır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşların əti çox dadlı olur.

AzNews.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, kənd təsərrüfatı ilə yanaşı çöl quşlarına böyük marağı olduğunu deyən Qəbələnin Daşlıca kəndində yaşayan 61 yaşlı Əli Babayev bir necə il əvvəl meşədən tutduğu qırqovulları saxlayaraq artırmaq niyyətinə düşüb. Həyətində bağlı şəraitdə saxladığı qırqovulun yumurtalarından çıxan bala qırqovulları böyüdüb və getdikcə saylarını artırıb.

Bu qədər xeyir götürəcəyini hesab etmədiyini deyən Əli Babayev 1 il ərzində 100-ə yaxın qırqovul böyüdərək satdığını deyir. Hazırda həyətində 200 başa yaxın qırqovulun olduğunu, aprel ayında yumurtlama dövrü olduğu üçün indi onlara daha çox qulluq etdiyini bildirir.

Onu da vurğulayaq ki, ana qırqovul yumurtlama dövründə 150-ə kimi yumurta verə bilir. İl ərzində 3 ay müddətində yumurta qoyan bu quşlardan təbii və inkubator yolu ilə də bala almaq mümkündür. Qırqovulların bəslənməsi də çox rahatdır. Qazanc əldə etmək üçün bəslədiyi qırqovulun birini 25 -50 manata satdığını bildirən təsərrüfat sahibi onları bəsləməyi və sayını artırmağın yolunu hər bir müştərisinə öyrətmədiyini deyir.
Son vaxtlar meşələrdə nadir hallarda rast gəldiyi qırqovulları qapalı şəraitdə çoxaltmağı bacaran Ə.Babayev gələcəkdə onların sayını 1000 başa çatdıraraq iri ferma yaratmağı planlaşdırır. Xəstəliyə, soyuq və isti havaya dözümlü olan bu quşları həvəskarlar bəzən bəzək quşu kimi alaraq qəfəsdə saxlayırlar. Çəkisi 1.5 kiloqramadək çatan qırqovullar ev quşları kimi arpa, buğda və otla qidalanır.

Hazırda Qəbələdə fəaliyyət göstərən restoranlardan da böyük tələbat olduğunu vurğulayan sahibkar bu quşun çox dadlı əti olduğunu və insanlar tərəfindən çox alınan bir yaban quşu olduğunu da söyləyir. Restoranlarda da qırqovuldan hazırlanan yeməklərə böyük maraq olduğunu, insanların əsasən soğanla qovrulmuş və "tabaka" kimi hazırlanmış halda sifariş edildiyini deyir. Onu da qeyd edək ki, bütöv bir qırqovuldan hazırlanmış sifarişin qiyməti restorandan asılı olaraq 45- 60 manat arasında dəyişir.