10 min manata uşağını satan ata: “Dedi, gəl internetdə elan verək…”

“Elanı internetə dostum qoyub”.

Bunu AzNews.az-a açıqlamasında uşağını 10 min manata satışa çıxaran, 24 yaşlı Tovuz rayon sakini Orxan bildirib. O, deyib ki, elan 40 günlük körpəni uşaq evlərinə təhvil vermək məqsədi ilə internetə yerləşdirilib:

“Oturmuşquq, dedim ki, uşağa baxmağa imkanım yoxdur. Dostum da təklif etdi ki, gəl internetdə elan verək, uşaq evlərindən əlaqə saxlayıb uşağı götürəcəklər. Bu söhbətdən sonra dostum elanı internetə qoyub. Sonra eşitdim ki, elanın altında "10 min manat" da yazıb. Yoxsa mən uşaq satanam? Bu, insan alveridir. Dünən həyat yoldaşım məsələdən xəbər tutdu, etiraz etdi, möhkəm dalaşdıq”.

Orxan qeyd edib ki, bu elanı yerləşdirən vaxt işləmirmiş, amma indi işi də var, dolanışığı da: “İş tapmışam. Bu gün evə yemək, uşağa pampers də almışam”.

Uşağını 10 min manata satışa çıxaran Orxana Hovsan qəsəbəsi 30-cu polis bölməsindən zəng edərək onu bölməyə dəvət ediblər: “Mən Keşlədə 150 manata kirayədə qalıram. Niyə Hövsana çağırıblar, onu anlaya bilmirəm. Uşağın elanını telefondan internetə qoyan dostum da moykada işləyir. Ancaq indi onu da tapa bilmirəm. Zəng edirəm, anası götürür, deyir rayona gedib. Təbii ki, polislər istəsə, onu taparlar”.

Qeyd edək ki, Tovuz rayon sakini, hazırda isə Bakıda, Hövsan qəsəbəsində yaşayan 24 yaşlı Orxan yeni doğulmuş uşağını 10 min manata satışa çıxardığı haqda elan verib. O, elanda kirayədə yaşadığını, işləmədiyni və bu səbəbdən də uşağa baxa bilmədiyini qeyd edib.

Artıq fakta görə Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsi ilə iş açılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az