"Yanlış məlumatlar işimizi çətinləşdirir" - Qərargah rəisi

"Ərazidə tez-tez qar uçqunları olduğundan izləri müəyyənləşdirmək olmur".

AzNews.az xəbər verir ki, bunu "Report"un Şimal bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev deyib.

Onun sözlərinə görə, axtarışlar hər gün saat 06:00-dan 17:00-a qədər davam edir: "Axşam saat 17:00-dan sonra axtarış işləri dayandırılır. Çünki hava kəskin soyuq olduğundan axşam saatlarında axtarışların aparılması mümkün deyil. Burada bəzən -15-20 dərəcə şaxta müşahidə olunur. İtkin düşən alpinistlərin hərəkət ehtimalı olduğu ərazilərdə hər gün qazıntı işləri aparılır. Bəzi yerlərdə qar uçqununun dərinliyi 7-8 metrdir".

Qərargah rəisi bildirib ki, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar axtarış işlərini çətinləşdirir: "Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır. Bu insanlarda çaşqınlıq yaradır və itkin düşən alpinistlərin yaxınlarına da mənfi təsir göstərir. Mən axtarışın rəhbəriyəm və hazırda dağın başındayam. Bu yalan məlumat yayanların məqsədi nədir?! Bir daha bütün KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini hər hansı məlumatı rəsmi təsdiqi olmadan yaymamağa çağırıram".

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib.