Ana ölümlərinə görə 6 xəstəxananın həkimləri işdən qovuldu Ana ölümlərinə görə 6 xəstəxananın həkimləri işdən qovuldu

Oqtay Şirəliyev həkimləri məsuliyyətə dəvət etdi

Ana ölümlərinə görə 6 xəstəxananın həkimləri işdən qovuldu

Modern.az saytının məlumatına görə, Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə keçirilmiş Azərbaycanda doğuşayardım xidmətinin vəziyyətinə dair kollegiya iclasında doğum evlərinin baş həkimlərinə nöqsanları tezliklə aradan qaldırmaq tapşırılıb. Sözügedən iclasda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən doğum evlərinin baş həkimləri, doğum şöbələrinin müdirləri, həmçinin bu xidməti həyata keçirən özəl tibb müəssisələrinin rəhbərləri iştirak ediblər.

Toplandıda qeyd olunub ki, 2012-ci ildə Azərbaycanda ümumilikdə 26 ana ölümü hadisəsi qeydə alınıb. Səhiyyə Nazirliyinin Tibbi yardımının təşkili şöbəsinin müdiri Gülmirzə Poladov isə keysəriyyə kəsiyi ilə doğuşların sayının artmasından narahatlığını ifadə edib. O, bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə əsasən, doğuşların yalnız 12-15 faizi keysəriyyə kəsiyi ilə başa çatdırılmalıdır. Amma 2012-ci ildə Azərbaycanda doğuşların 18 faizi keysəriyyə kəsiyi əməliyyatı ilə olub. Bu əməliyyatların 46 faizi cərrahlar, 29 faizi mama-ginekoloqlar tərəfindən, 25 faizi cərrarhlarla mama-ginekoloqlar tərəfindən birgə edilib.

Şöbə müdiri özəl tibb müəssəsilərində aparılan doğuşların əksəriyyətinin keysəriyyə kəsiyi ilə başa çatdırıldığını və bu göstəricinin 50 faizdən yuxarı olduğunu qeyd edib. O, özəl tibb müəssiələrində aparılan keysəriyyə kəsiyi əməliyyatlarının əsaslılığını, Səhiyyə Nazirliyinin müvafiq əmrlərinə, klinik protokollarına nə dərəcədə riayət edilidiyini müəyyənləşdirmək məqsədi ilə 2013- ci il ərzində özəl tibb müəssisələrində ciddi yoxlamaların aparılacağını vurğulayıb.

G.Poladov sadalanan problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ciddi tədbirlər görüldüyünü, ölkə üzrə qeydə alınmış bütün ana ölümü hadisələrinin Doğuşayardım komissiyası tərəfindən təhlil olunduğunu vurğulayıb. Təhlil və müzakirələr nəticəsində doğuşa yardım xidməti üzrə bir sıra məsuliyyət tədbirlərinin həyata keçirildiyini bildirib.

"Yevlax, Qəbələ, Mingəçevir Mərkəzi Rayon xəstəxanalarının baş mama-ginekoloqları, Bakı şəhəri 4 saylı doğum evinin iki şöbə müdiri, Şəki və Qusar Mərkəzi Rayon xəstəxanalarının aidiyyatlı hakimləri işdən azad olunub. Eyni zamanda 10 həkim mama-ginekoloq stasionar işindən kənarlaşdırılıb, 75 tibb işçisinə qarşı inzbiati tədbirləri görülüb. Onlar təkmilləşmə kurslarına göndəriliblər".
İclasda məlumat verilib ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda baş vermiş ölüm hadisəsi ilə əlaqədar olaraq Səhiyyə Nazirliyinin müvafiq əmri ilə Ailə Planlaması Məsləhətxanasının Ekstrakorporal mayalanma şöbəsinin fəaliyyəti dayandırılıb və adı çəkilən institutun strukturunda müvafiq şöbə təşkil edilib.

İclasda çıxış edən Elmi Tədqiqat Mamalıq və Gionekologiya İnstitunun (ETMGİ) direktoru Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Faizə Əliyeva göstəriş olmadan da keysəriyyə kəsiyi əməliyyatlarının aparıldığını, Bakıda bu əməliyyatlar üzə orta göstəricinin 24 faiz, rayonlarda isə 15 faiz olduğunu vurğulayıb.



Səhiyyə naziri Oqtay Şirəliyev də bu sahədəki nöqsanlardan danışıb. Nazir bildirib ki, bəzən ağır vəziyyətdə olan hamilə qadınlar bir rayondan digərinə aparılır ki, bu da təhlükəli hallar doğurur. O.Şirəliyev deyib ki, ağır vəziyyətdə olan xəstəni bir rayondan o biri rayona və ya şəhərə aparmaq cinayətdir.

"Belə məsuliyyətsiz davranışların nəticəsidir ki, ötən il səhiyyə ilə bağlı məsələlərə görə 235 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Bu cinayət işlərinin 52-i məhz doğum evləri, qadın məsləhətxanaları ilə bağlıdır".

AzNews.az