Ölkəmiz Şərq ilə Qərbi birləşdirən mühüm logistika qovşağına çevrilib - Deputat

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri tərəflər arasında münasibətlərin inkişafı baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu səfər həm ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etmək, həm də regionda baş verən geosiyasi proseslər fonunda qarşılıqlı tərəfdaşlığın yeni istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi diqqət çəkir. Azərbaycanın regionda artan rolu və Avropa üçün strateji əhəmiyyət kəsb edən layihələrin mərkəzində dayanması bu səfərin əhəmiyyətini daha da artırır.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə davamlı şəkildə inkişaf edərək daha geniş məzmun qazanıb: “Bu əməkdaşlıq yalnız siyasi dialoq və iqtisadi əlaqələrlə məhdudlaşmır, eyni zamanda regional sabitliyin möhkəmləndirilməsi, təhlükəsizlik, enerji təchizatı, nəqliyyat-kommunikasiya layihələri və davamlı inkişaf kimi sahələri də əhatə edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində qazandığı mövqe ölkəmizin həyata keçirdiyi müstəqil və praqmatik siyasətin nəticəsidir. Bu uğurların əsasında isə Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti dayanır. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün regionun əsas siyasi və iqtisadi mərkəzlərindən birinə çevrilib, eyni zamanda beynəlxalq əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul olunur”.

S.Salmanova qeyd edib ki, Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı geniş coğrafiyada - Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin və iqtisadi inkişafın təşviqinə mühüm töhfə verir: Son illər Orta Dəhliz kimi tanınan Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırıb. Bu marşrut Asiya ilə Avropanı birləşdirən ən mühüm logistika xətlərindən biri hesab olunur. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri infrastruktur layihələri, müasir liman və dəmir yolu şəbəkəsinin qurulması, logistika imkanlarının genişləndirilməsi ölkəmizi regionun əsas nəqliyyat və ticarət mərkəzlərindən birinə çevirib. Bu proseslər Prezident İlham Əliyevin həyata keçirdiyi strateji iqtisadi və nəqliyyat siyasətinin nəticəsidir. Dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat layihələri bu gün Avrasiyanın nəqliyyat xəritəsində Azərbaycanın rolunu daha da gücləndirir. Nəticədə ölkəmiz Şərq ilə Qərbi birləşdirən mühüm logistika qovşağına çevrilib”.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, yeni geosiyasi reallıqlar fonunda Orta Dəhlizin formalaşması və Avropa İttifaqının “Qlobal Qapı” təşəbbüsündə Azərbaycanın mühüm rol oynaması ölkəmizin strateji əhəmiyyətini daha da artırıb. Bütün bunlar onu göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət, regional əməkdaşlığa verdiyi töhfə və strateji layihələrdə fəal iştirakı ölkəmizi Avropa üçün etibarlı tərəfdaşa çevirib.

AzNews.az