- Siyasi müzakirə
- 22:15
- 2 446
“ABŞ siyasəti NATO ilə Rusiya arasında qarşıdurma riskinə təsir edir” – Həşim Səhrablı
"Orbanın bu fikri, əlbəttə ki, təqdirəlayiqdir, lakin reallıqdan uzaq görünür. Təəssüf ki, mövcud vəziyyət bunu göstərir. Çünki əgər münaqişə genişlənərsə və ümumavropa miqyasında qarşıdurmaya çevrilərsə, Macarıstan kimi nisbətən kiçik bir dövlətin bundan kənarda qalması çətin olacaq. Belə bir şəraitdə ölkənin öz sərhədlərini qorumaq üçün alternativi də çox məhdud qalır. Çünki Macarıstanın təhlükəsizliyini təmin edən əsas hərbi-siyasi güc olan NATO özü münaqişənin tərəfinə çevrilə bilər. Bu halda ortaya paradoksal bir vəziyyət çıxır: səni qoruyan qüvvələr münaqişənin içindədirsə, təhlükəsizliyi kim təmin edəcək? Bu səbəbdən də Avropa ilə Rusiya arasında genişmiqyaslı qarşıdurma yaranarsa, Macarıstan nə qədər neytral qalmağa çalışsa da, bunun təsirlərindən tam yayınması mümkün olmayacaq. Avropa İttifaqı ölkələri ilə Rusiya arasında birbaşa münaqişə ehtimalına gəlincə, burada əsas amillərdən biri ABŞ siyasətinin hansı istiqamətdə davam edəcəyidir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, Yaxın Şərqdəki davamlı münaqişələr və qlobal geosiyasi gərginliklər beynəlxalq münasibətlərdə yeni risklərin ortaya çıxmasına yol açır. Regiondakı hərbi qarşıdurmalar yalnız yerli təhlükəsizliklə məhdudlaşmır, həm də böyük dövlətlər arasındakı əlaqələrə təsir göstərir. Bu kontekstdə Avropada təhlükəsizlik məsələləri yenidən diqqət mərkəzinə gəlir və bəzi siyasi liderlərin açıqlamaları mövcud risklərin müzakirəsini artırır. Viktor Orban vurğulayıb ki, Avropa İttifaqının rəhbərləri Rusiya ilə münaqişəyə hazırlaşır və Ukraynada hərbi əməliyyatları davam etdirmək niyyətindədirlər. O əlavə edib ki, Macarıstan bu prosesdə iştirak etməyəcək və bugünkü qeyri-sabit dünyada sülh və təhlükəsizlik adası kimi qalmağa çalışacaq.
Siyasi şərhçi bildirib ki, əgər Donald Trampın siyasəti onun hakimiyyətindən sonra da davam edərsə, bu, NATO ilə Rusiya arasında açıq qarşıdurma ehtimalını azaldır.
"Belə bir halda müharibə daha çox Ukrayna ərazisində məhdud miqyaslı toqquşmalar və qarşılıqlı zərbələrlə davam edə bilər. Lakin ABŞ-da yenidən Co Baydenin siyasi xəttinə yaxın düşüncəyə malik qüvvələr hakimiyyətə gəlsə, o zaman NATO ilə Rusiya arasında birbaşa toqquşma ehtimalı daha real görünə bilər. Bununla belə, hesab edirəm ki, Amerikanın strateji düşüncəsi Rusiyayla açıq qarşıdurmaya getməyə imkan verməz. Çünki belə bir müharibədə kimin qalib gəlməsindən asılı olmayaraq, hər iki tərəf ciddi itkilərlə üzləşəcək. Hətta formal qələbə əldə olunsa belə, bu, mahiyyət etibarilə “Pirr qələbəsi” olacaq. Belə bir nəticə isə ABŞ-nin sonrakı mərhələdə qlobal hegemonluğunu qoruyub saxlamasını xeyli çətinləşdirə bilər. Bu baxımdan NATO ilə Rusiya arasında birbaşa qarşıdurma ehtimalı aşağı qiymətləndirilsə də, risk tamamilə istisna edilmir. Əgər belə bir təhlükə real xarakter alsa, ABŞ-nin NATO-dan uzaqlaşması və ya təşkilatın rolunun yenidən nəzərdən keçirilməsi kimi ssenarilər də gündəmə gələ bilər. Digər tərəfdən, Avropa İttifaqının özü hərbi alyans deyil. Bu qurum daha çox iqtisadi inteqrasiya üzərində qurulmuş bir birlikdir. Son illərdə İttifaq daxilində ümumi təhlükəsizlik və müdafiə mexanizmlərinin yaradılması ilə bağlı təşəbbüslər irəli sürülsə də, hələlik tam formalaşmış hərbi strukturdan danışmaq mümkün deyil. Məsələn, Fransa ilə Rusiya arasında müharibə istəyinin olduğunu qəti şəkildə demək çətindir. Eyni sözləri Almaniya haqqında da demək olar. Almaniya son dövrlər hərbi potensialını artırmağa çalışsa da və Avropada təhlükəsizliyin təminində daha aktiv rol oynamaq barədə ideyalar səslənsə də, bu, hələ onun böyük hərbi gücə çevrildiyi anlamına gəlmir. Avropa İttifaqı ölkələri birlikdə müəyyən addımlar ata bilərlər. Lakin belə qərarların qəbul olunması üçün bütün üzv dövlətlərin konsensusu tələb olunur və bu da hər zaman asan başa gəlmir. Bu ssenari yalnız o halda reallaşa bilər ki, Rusiya münaqişəni Ukrayna ilə məhdudlaşdırmayaraq daha geniş coğrafiyaya yaysın. Məsələn, münaqişə Polşaya, Moldovaya və oradan da Rumıniyaya keçərsə, Avropa dövlətlərinin hərəkətə keçməkdən başqa seçimi qalmayacaq. Ancaq Rusiya münaqişəni genişləndirməz və Avropa ilə müəyyən razılaşmalara meyil göstərərsə, böyük ehtimalla Avropa ölkələri də genişmiqyaslı müharibədən qaçmağa çalışacaqlar".
Rəfiqə Namazəliyeva,
AzNews.az