Biləsuvar rayonunun bu kəndlərinə içməli su xətti çəkildi - Foto

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq, martın 9-da Biləsuvar rayonunun Xırmandalı və Bəydili kəndlərinə içməli su xətti çəkilib.

AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Xırmandalı kəndində keçirilən tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri, aparılan abadlı-quruculuq işləri barədə məlumat verib. Bildirib ki, Prezidentin müvafiq Sərəncamı ilə həyata keçirilən layihə nəticəsində rayonun ən böyük kəndlərindən olan Xırmandalı və Bəydili kəndlərinə içməli su xətti çəkilib. Hər iki kəndə çəkilən xəttə su əsasən Şirvan-Muğan qrup su kəmərinin Biləsuvar şəhərinə daxil olan hissəsindən verilir. Kəndlərə bu məqsədlə 14,2 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilib. Layihə çərçivəsində Xırmandalı kəndində daimi istifadə üçün 52, Bəydili kəndində isə 25 bulaq inşa edilib.

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama əsasən nəzərdə tutulan işlər sürətlə davam etdirilir. Növbəti illərdə rayonun digər kəndlərində yaşayan əhalinin də içməli su təchizatı yaxşılaşdırılacaq.

Kənd sakinləri əhalinin sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.