İvanişvilidən azərbaycanlıları sevindirəcək xəbər

Baş nazir Bidzina İvanişvili Gürcüstanla Azərbaycan arasında körpünün açılması məsələsini nəzərdən keçirəcəyini bildirib. "Qafqazinfo"nun gürcü KİV-nə istinadən verdiyi xəbərə görə, İvanişvili Dedoplistskaro rayonunun Samtaskaro kəndində belə bir körpünün açılmasına heç nəyin mane olmadığını, lakin bunu şəxsən araşdıracağını deyib.

Baş nazir bildirib ki, bu problem barəsində dəqiq məlumatı olmasa da, hesab edir ki, iki xalqın əlaqələri üçün ölkələr arasındakı bütün kommunikasiyalar açılmalıdır.

Samtaskaro kəndinin sakinləri də Gürcüstan hökumətindən Azərbaycanla bu ölkəni birləşdirəcək körpünün açılmasını tələb edirlər.

Qeyd edək ki, bu körpü gediş-gəliş üçün Gürcüstan hökuməti tərəfindən qaçaqmalçı yüklərin, əsasən də yanacağın daşınmasının qarşısını almaq üçün bağlanmışdı.

Baş nazir eyni zamanda Ermənistanla sərhəddə problemli sahənin olmasına da diqqət çəkib. O, bu gün Tibilisiyə səfəri edəcək Ermənistanın xarici işlər nazirinin müavini ilə bu məsələni müzakirə edəcəyini deyib.

AzNews.az