Cəlilabadda rus icması ilə görüş keçirildi

“Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının “Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək” layihəsi çərçivəsində Cəlilabad rayonunda yaşayan rus icması ilə görüş keçirib.

İB-dən Azadinform-a verilən məlumata görə, görüşdə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev, Cəlilabad rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə və 30-dan çox rus icmasının nümayəndəsi iştirak edib.

Cəlilabad rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov Cəlilabadda yaşayan ruslara dövlət qayğısından danışıb. Qeyd edib ki, rayonda yaşayan azsaylı rus icması ilə vaxtaşırı görüşlər keçirilir, onların müraciəti dərhal araşdırılır, problemləri həll olunur.

İB sədri Niyaz Niftiyev rusların Azərbaycanda 1830-cu illərdən məskunlaşmağa başladığını bildirib: “XX əsrin əvvəlindən 1940-1950-ci illərə qədər ruslar Bakıda əsas milli azlıqlardan idi. Rusların Azərbaycana mühacirəti Sovet zamanı da davam edirdi. SSRİ dağıldıqdan sonra onların bir hissəsi Azərbaycanı tərk etməyə başlasalar da sonradan bu proses dayandı və hazırda Azərbaycanda ruslar ən böyük etnik qrup təşkil edirlər”.

N.Niftiyev bildirib ki, o vaxtlar rusların bir hissəsi də indiki Cəlilabad rayonu ərazisində məskən salıblar: “Rusların burada məskunlaşması ilə əlaqədar Cəlilabad rayonunda zaman-zaman rus yer adları meydana gəlib. Bunlardan Pokrovka, Privolnoye, Astraxanovka, Tatyanovka, Nikolayevka, Petrovka, Andrevka, Mixaylovka və digərlərini sadalamaq olar. 1990-2000-ci illərdə rus kəndlərinin bəzilərinin adı dəyişdirilib, əhalisi isə bu gün əsasən ruslardan və azərbaycanlılardan ibarətdir. Cəlilabadda az sayda rusun qalmaqlarına baxmayaraq, onlar burada öz icmalarını yaradıblar”.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə Azərbaycanda nəyinki ruslara, bütün xalqlara bərabər imkanlar yaradıldığını vurğulayıb: “Onlar bizlərdən heç nə ilə fərqlənmirlər, həm dövlət, həm də sadə vətəndaşların Azərbaycanda yaşayan xalqlara münasibəti müsbətdir”. S.Verdizadə Azərbaycanda yaşayan xalqları bir xalçanın üzərindəki rəngli naxışlara bənzədib: “Bu naxışlar nə qədər çox olarsa xalça da bir o qədər gözəl olur. Azərbaycanda yaşayan xalqlar da nə qədər çox olarsa cəmiyyətimiz də bir o qədər rəngarəng olar”.

Cəlilabad rayonu, Privolnoye kəndinin icra nümayəndəsi Ələsgər İmanov etnik rəngarəngliyinə görə seçilən kəndlərindən birin də Privolnoye olduğunu bildirib. Qeyd edib ki, geniş torpaq sahələrinə, gözəl təbiətə malik olan bu kənddə ruslarla yanaşı, yəhudilər də yaşayırlar: “Kiçik bir kənddə azərbaycanlılarla yanaşı, həm rus, həm də yəhudi icmasının fəaliyyət göstərməsi Azərbaycanda əsrlər boyu mövcud olan tolerantlığın bariz nümunəsidir. Hazırda kəndin mərkəzində 24 rus, 9 yəhudi icması yaşayır. Kənddən köçüb gedən rusların övladları isə hər yay tətilində kəndə gəlir, dünyasını dəyişən yaxınlarının qəbirlərini ziyarət edirlər”.

Cəlilabadda yaşayan rus icmasını sədri Ella Romanova icmanın fəaliyyəti və rayonda qalan azsaylı ruslardan danışıb: “Rayonun mərkəzində və bir neçə kənddə rus icması yaşamaqda davam edir. Cəlilabadda yaşayan və bu gün də burada qalmaqda davam edən rusların hamısı burada doğulub. Bəziləri işləyir, bəziləri də təqaüdçüdür. Köçənlər isə yaşlı nəslin nümayəndələri olub, böyük əksəriyyəti də Rusiyada yaşayan övladlarının yanına gediblər. Onların problemləri isə rayon əhalisinin ümumi problemləri ilə eyniyyət təşkil edir. Yəni konkret olaraq rusların özəl problemləri var kimi anlayışlar yox səviyyəsindədir”.

Tədbirdə rus icmasının üzvləri - Nadejda Jifkova, Mariya Petrikova, Nellanda Xanukaeva və digərləri çıxış edərək Cəlilabadda yaşayan rusların məxsusi problemlərinin olmadıqlarını bildiriblər. Qeyd ediblər ki, onlar bu torpaqda anadan olublar və yerli sakinlərdən fərqli münasibət görməyiblər.