“Ölkəmiz üçün düşünülən bu senarini pozmağa çalışmalıyıq” - Millət vəkili

“Aylardır söylədiklərimiz, gözlədiklərimiz, hayqırdıqlarımız baş verdi. Şəxsimizi söydülər, təhqir etdilər, şəkillərimizi zibil qabına yapışdırdılar”.

AzNews.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa Gəncə şəhərində baş verən hadisələrdən danışarkən deyib. O, Gəncədə xarici qüvvələrin idarə etdiyi xurafatçı şəbəkə tərəfindən şəhid edilən polislərimizə Allahdan rəhmət diləyib və qeyd edib ki, yaranan vəziyyətlə əlaqədar bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik:

“Dəstək vermələri bir yana dursun, bir dövlət qurumundan maraqlanmadılar ki, niyə məsələnin ciddiliyi barədə gündəm yaradırsan? Hamının başı pul qazanmağa qarışanda dövlətin taleyinə biganəlik də adi hal almağa başlayır. Millətlər var ki, nəsihətlə pisliklərdən uzaqlaşır. Millətlər var ki, nəsihəti sevməzlər, gözlərlər ki, bir müsibət baş versin, sonra nəticə çıxarsınlar. Bizsə nə nəsihətdən, nə də müsibətdən nəticə çıxarana bənzəmirik. Anadolu türklərimizin deyimi var, pərşəmbənin gəlişi çərşənbədən bəllidir. İndi heç olmazsa ölkənin sağduyulu insanlarını, siyasi partiyaları, QHT-ləri, media quruluşlarını səfərbər edərək ölkəmiz üçün düşünülən bu senarini pozmağa çalışmalıyıq. Bu yalnız polisin, əsgərin, təhlükəsizlik qurumlarının işi olmamalıdır, bütün ictimai resursları, maarifçilik vasitələrini hərəkətə gətirməliyik”.

Bahar RÜSTƏMLİ
AzNews.az