Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.

Şuradan AzNews-a verilən məlumata görə, iclasda Göygöl rayon Xaqani kənd Uşaq Musiqi Məktəbinin direktoru İradə Bağırovanın “Gündəm xəbər” qəzetinin qərb bölgəsi üzrə müxbiri Mehriban Ələsgərovaya qarşı şikayətinə baxılıb.

Komissiya üzvləri müəyyən ediblər ki, M.Ələsgərovanın “Gündəm xəbər” qəzetində dərc etdirdiyi yazılarda özünün və çalışdığı orqanın reputasiyasını qorumayıb, balans prinsipini pozub. Uşaq musiqi məktəbinin rəhbərliyinin tənqidi üzərində qurulan materiallar hazırlanarkən, faktların araşdırılmasına səy göstərilməyib, qarşı tərəfin mövqeyi öyrənilməyib. Bununla da dərc edilmiş yazılarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsipləri pozulub.

“Met-Ak” Məhdud Məsuliyyətli Cəmiyyətin diaspor.az portalına qarşı müraciətinə də baxılıb. Komissiya üzvləri tərəfindən müəyyən edilib ki, qeyd edilən xəbər saytlarında dərc edilən və “Met-Ak” MMC-də narahatlıq doğuran yazılara bildirilən iradlar haqlıdır. Sayt təmsilçisi qeyd edib ki, yazılarda yer tutan xətalar anlaşmazlıqdan yaranıb və bu məqamları aradan qaldırmağa hazırdırlar. Bununla da, materiallardakı anlaşılşmazlığın aradan qaldırılması üçün hər iki tərəf arasında razılıq əldə edilib.

“Qazax rayon ictimaiyyəti” adından daxil olmuş və “Yeni Musavat” qəzetində dərc edilmiş “Qazaxın icra başçısına ittiham - “Meşəni qırdırır” başlıqlı yazı növbəti iclasın müzakirəsinə saxlanılıb.

Komissiya üzvləri bildiriblər ki, müraciət müəllifləri qeyd edilən yazıdan narazılıqlarını ifadə etsələr də, narazılıq doğuran məqamlar barədə faktlar təqdim edilməyib. Komissiya tərəflərə mövqelərini əsaslandıran faktları təqdim etməyi tövsiyyə edib.