- Köhnə - Cəmiyyət
- 4 Avqust 2018 13:02
- 29 524
Vüqar Mikayılov və Adil Qeybulla enerji içkilərinin dəhşətli fəsadlarını açıqladılar

Qida Təhlükəsizliyi Agentliyi energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsini tövsiyə edir.
Azərbaycanda bir çox çeşiddə enerji içkiləri var. Bu enerji içkilərinin satışı böyük şirkətlər tərəfindən aparılır. Bunların bəziləri yerli marka, bəziləri isə xarici markaların Azərbaycandakı tərəfdaşlarıdır. Ölkəmizdə ən çox istifadə olunan enerji içkisi “Redbull”, “Hell” və “Bizon”-dur. “Bizon” yerli markadır, istehsalı isə Avrora firmasına aiddir. “Redbull” və “Hell” isə xarici markadır. “Redbul”un Azərbaycandakı tərəfdaşı “Cahan” şirkətidir.
“Enerji içkiləri narkotik kimidir”
Bunu Aznews.az saytına açıqlamasında “Az-Granata” MMC-nin istehsalat üzrə direktor müavini Vüqar Mikayılov deyib. O həm də bildirib ki, enerji içkilərinə əvvəl bu qədər təlabat yox idi. İndi təlabat artıb, bunun səbəbi isə televiziyada verilən reklamlardır. İdman zallarına getsəniz görərsiniz ki, demək olar bütün idmançılar enerji içkisi içirlər. Onlar elə düşünürlər ki, bu içkilər onlara əzələ kütləsi yığmaqda kömək edəcək, yoruğunluqlarını keçirəcək. Amma bu belə deyil. Enerji içkilərinin tərkibində “taurin” maddəsi var. Hansı ki bu maddə keyidici rol oynayır. Enerji içkisini içdikdən sonra bədən 40-45 dəqiqəlik keyiyir, təsiri keçəndən sonra isə yorğunluq iki qat artır. Bu hardasa bilirsiniz nəyə oxşayır, insanın bir yeri ağrıyırsa bu hansısa xəstəliyin əlamətidir, amma həmin insan həkimə getmək əvəzinə ağrıkəsici qəbul edir və 1 saatlığına ağrısı keçir. Ağrıkəsicinin vaxtı bitdikdə isə, iki qat ağrılar başlayır. Bir qutu enerji içkisinin tərkibində olan kofein 12-13 stəkan kofenin tərkibində olan kofeinlə bərabərdir. Bu da insan sağlamlığı üçün çox zərərlidir”.
Enerji içkilərinin insan səhhətinə olan təsirini öyrənmək üçün tibb üzrə ekspert, professor Adil Qeybulla ilə əlaqə saxladıq.
O da təəssüflə bildirdi ki, enerji içkiləri Azərbaycanda çox istehlak olunur: “Ən problemli məsələlərdən biri də odur ki, bu içkilər məktəb yanı ərazilərdə, hətta məktəb bufetlərində də satılır, uşaqlar da bu içkilərdən istifadə edir və bu içkilərin ən təhlükəli tərəfi budur. Enerji içkilərinin tərkibində kofein, taurin və digər tonuslandırıcı maddələr var və bu maddələrin orqanizmə həddən artıq qəbulu ürək fəaliyyəti üçün ciddi problemlər yaradır. Çünki, ürək əzələsinə əlavə bir güc vermək, onu stimullaşdırmaq ürək əzələsinin resurslarını tükəndirə bilir. Ürəyin həddən çox döyünməsi ürəyi yorur bu isə ürək əzələsinin probleminə gətirib çıxarır. Buna görə də uşaqlar üçün bu içkilərin qəbulu qətiyyən məsləhət deyil. Enerji içkilərindən ara-sıra istifadə etmək olar, amma hər gün istifadənin böyük fəsadları var. İçkilərin qutularında yazılan maddələrə əsasən deyə bilərəm ki, bu içkilər sonsuzluq yaratmır. Təbii ki, buna arxayın olub bu içkilərin qəbulunu çoxaltmaq olmaz”.
Nigar CƏFƏR
AzNews.az