"İçkili olmuşam" - Dostunu bıçaqlayıb pulunu götürən şəxs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda və quldurluqda təqsirləndirilən Samir Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az Report-a istinadən xəbər verir ki,hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda qeyd edilib ki, ötən il Abşeron rayonu Hökməli qəsəbəsində S.Hacıyev dostu Nahid Əhmədova ağır xəsarət yetirib və daha sonra ona qarşı quldurluq edib.

Belə ki, S.Hacıyev pul borclu olduğu N.Əhmədovla mübahisə edib. Hadisə zamanı hər iki şəxs içkili olub. S.Hacıyev spirtli içki qəbul etdikdən sonra dostu N.Əhmədova bıçaqla iki zərbə endirib və onun cibindəki pulu da götürüb.

Məhkəmədə elan olunmuş ittiham üzrə S.Hacıyev özünü qismən təqsirli bilib.

O ifadəsində söyləyib ki, dostu N.Əhmədovu bıçaqlasa da, onun pulunu götürməyib.

Zərərçəkmiş N.Əhmədov dindirilən zaman deyib ki, S.Hacıyevlə uzun müddətdir dostluq edib, birlikdə mebel mağazasında işləyiblər.

Onun sözlərinə görə, təqsirləndirilən şəxsə hadisədən əvvəl 700 manat borc pul verib: "Borcumu istəyəndə məni Hökməli qəsəbəsinə çağırdı. Onun da pul alacağı şəxsin ora gələcəyini dedi. Mən də ora gedəndə kolbasa, çörək, pendir, bir də araq aldım. Orada yaşlı bir adamın evinə girdik. Həmin adam da içmişdi. Biz oturub yemək yedik. Mənə zəng gələndə çölə çıxdım. Həyətdə dayanan zaman Samir məni arxadan vurdu, yerə yıxıldım. Xeyli müddət köməksiz vəziyyətdə orda qaldım. Neçə dəfə dedim ki, mənə kömək elə, təcili yardım çağır. Təcili yardıma zəng elədi, yeri dedi. Sonra məndən soruşdu ki, "təcili yardıma verməyə pulun var?" Cibimdən pul götürdü. Bir az keçəndən sonra çıxıb getdi. Orada olan digər şəxs də artıq yatmışdı. Mən orada bir neçə saat qalıb, küçəyə tərəf çıxdım. Yoldan keçən bir taksi saxladı və məni xəstəxanaya apardı".

N.Əhmədov ifadəsində dostundan şikayətçi olmadığını bildirib: "Sadəcə, mənə dəymiş zərərin ödənilməsini istəyirəm".

Təqsirləndirilən şəxs də dostunun ifadəsini təsdiqləyib.

Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.

Xatırladaq ki, S.Hacıyevə qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 181-ci (quldurluq) maddələri ilə ittiham irəli sürülüb.