- Köhnə - Cəmiyyət
- 11 Sentyabr 2018 11:00
- 7 218
Bu gündən Məhərrəm ayı başlayır - Qazılar Şurası fətva verdi
Hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edir.
Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib, lakin hicri 61-ci ildən etibarən bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.
AzNews.az-ın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasında qeyd olunur ki, Kərbəla çölündə baş vermiş məlum hadisələr zamanı şəhid olmuş müqəddəslərin haqq-ədalət naminə şəhadəti böyük mənəviyyat və dirçəliş nümunəsidir:
“Ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır”.
AzNews.az