Eks-spiker Rza İbadovun varlığını unudub

Uzun illərdir ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyevin parlamentə sədrlik etdiyi dönəmdə eks-deputat Rza İbadovla münasibətlərinin pis olması məlumdur.

O dönəm siyasi prosesləri yaxından izləyənlər yəqin xatırlayar ki, gərgin siyasi müzakirələrlə yadda qalan I çağırış Milli Məclisdə spiker Rəsul Quliyevlə deputat Rza İbadovun sözü bir sıra hallarda çəp gəlir, qalmaqala səbəb olurdu.

Parlament iclaslarında Rza İbadovun replikalarına Rəsul Quliyevin də adekvat cavabı gecikmirdi. Eyni bölgədən olmalarına, eyni siyasi kursa xidmət etmələrinə baxmayaraq, Rəsul Quliyevlə Rza İbadovun ulduzu heç barışmırdı.

Mətbuatın da yaxında izlədiyi parlament üzvlərinin intriqasının şəxsi məsələlərlə bağlı olduğu bildirilirdi.

Onların hər ikisi – həm Rəsul Quliyev, həm də Rza İbadov uzun illərdir ölkə xaricində yaşamağa məcbur olublar. Bir zamanlar hakimkiyyətin əsas siyasi fiqurlarında olan keçmiş parlament üzvləri mühacirətdə yaşamalarına baxmayaraq hərdən Azərbaycanla bağlı siyasi açıqlamalar verirlər.

Bu günlərdə Mmdern.az-a belə bir məlumat daxil olub ki, Rza İbadovla Rəsul Quliyevin münasibətləri düzəlib.

Milli Məclisin keçmiş sədri Rəsul Quliyevlə əlaqə saxlanılıb, ondan Rza İbadovla aralarındakı münasibətin indi nə yerdə olduğunu öyrənməyə çalışıblar.

Rza İbadovun kimliyini tanımadığını deyən Rəsul Quliyev yalnız bir cümlə ilə cavab verib.

"Mən belə bir adamın olduğunu çoxdan unutmuşam"-deyə R.Quliyev vurğulayıb.

Eks-spiker "Rza İbadovu tanımıram" deməklə vaxtilə "duelə" çıxdığı keçmiş deputatla aralarındakı intriqaya son qoyulmadığını nümayiş etdirib.

Xatırladaq ki, 2005-ci il parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparan R.İbadov sonradan Azərbaycanı tərk etdi. Hazırda İngiltərədə yaşayan R.İbadov şəxsi bizneslə məşğul olduğunu bildirib.

Rəsul Quliyev də artıq 20 ilə yaxındır ki, Amerikada mühacirət həyatı yaşayır. Azərbycan Milli Məclisinin keçmiş sədri 2005-ci ildə "dövlət çevrilişinə cəhd"də ittiham olunaraq barəsində axtarış elan olunub.

AzNews.az