“Məktəbli formaları ucuzlaşmayacaq” – RƏSMİ MÖVQE

BTE-dən məktəbli formalarının qiyməti ilə bağlı AÇIQLAMA

Bakı Tikiş Evi məktəbli formalarının qiymətində ucuzlaşma olması ilə bağlı yaylan məlumatları təkzib edib. BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzNews.az-a bildirib ki, 3 ildir ki, qiymətlər sabit saxlanılıb:

"Qiymət ucuzlaşması ancaq o zaman mümkün ola bilər ki, formaların keyfiyyəti aşağı olsun. İndiki halda bizim istifadə etdiyimiz malların əksəriyyəti xaricdən gətirilir. Pambıq dünyada ilbəil bahalaşır. Buna görə də qiymətlərin aşağı salınması mümkün deyil".

E. Əzimov hazırda ölçüsündən asılı olaraq 1-6-ci siniflər üçün nəzərdə tutulan məktəbli formalarının 40-45 manat, 7-11-ci sinif şagirdləri üçünsə 53-55 manat olduğunu bildirib:

"Formaların keyfiyyətinə toxunmadan qiymətləri ucuzlaşdırmaq mümkün deyil. Bakı Tikiş Evi şagirdlərin sağlamlığını nəzərə alaraq formaların keyfiyyətinə toxunmaq istəmir. Buna görə də ucuzlaşma mümkün deyil".

BTE rəsmisi hazırda fəaliyyəti dayandırılan mağazaların bərpa edildiyini də vurğulayıb: "Dərs ili boyunca paytaxtda 7 yerdə mağazamız fəaliyyət göstərib. Yeni dərs ilinə hazırlıq məqsədilə bu mağazaların sayını azı 11-ə çatdıracağıq. Hazırda bu istiqamətdə iş gedir. Məktəbli forması ilə bağlı heç bir problem olmayacaq. Lazım olan qədər forma tikilib satışa çıxarılacaq".

Elnarə Əlosmanqızı
AzNews.az