Pərvin Məmmədovanın elmi işi birinci yer tutub Pərvin Məmmədovanın elmi işi birinci yer tutub

AMEA-nın professoruna 100 min dollar verdilər- MÜKAFAT

Pərvin Məmmədovanın elmi işi birinci yer tutub



Tacikistanın Düşənbə şəhərində İslam İnkişaf Bankının İdarə Heyətinin iştirakçı ölkələrinin 38-ci illik sessiyası öz işinə başlayıb. İclasda İİB-nın prezidenti Əhməd Məhəmməd Əli, Tacikistan Respublikasının prezidenti Emamali Rahmon, Tacikistanın iqtisadiyyat və maliyyə nazirləri, İİB-kı iştirakçı dövlətlərinin , beynəlxalq təşkilatların maliyyə institutlarının nümayəndələri, eləcə də özəl sektorların nümayəndələri iştirak edirlər.

Azərbaycanı isə bu mötəbər tədbirdə İqtisadi İnkişaf Nazirliyinin aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov təmsil edirlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Samir Vəliyev bildirdi ki, İSB-nın bu ilki sessiyası Azərbaycan üçün iki önəmli məsələ ilə yadda qalıb: "Əvvəla, Azərbaycan İslam İnkişaf Korporasiyasına üzv oldu. İkinci gözəl və yadda qalan məqam ondan ibarətdir ki, Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunun professoru Pərvin Məmmədova ənənəvi olaraq 57 üzv ölkə arasında keçirilən elmi tədqiqatlar üzrə müsabiqədə "Azərbaycanda neftlə çirklənmiş torpaqların bioloji yolla təmizlənməsi" adlı elmi işi ilə 1-ci yerə və çox yüksək pul mükafatına layiq görülüb. Bu da Azərbaycan elmi və aliminin əməyinə verilən böyük qiymətdir".

AZNEWS.AZ-ın əldə etdiyi məlumata görə, bu mükafatın məbləği 100 min dollardır.

Məlumatı Aşqarlar Kimyası İnstitutunun elmi katibi Mehparə Səfərova da AzNews.az əməkdaşı ilə söhbətində təsdiqləyib. O, P. Məmmədovanın qalib olaraq 100 min dollar məbləğində mükafata sahib olduğunu vurğulayıb.

Ləman Ağayeva
AzNews.az