Dövlət Yol Polis İdarəsindən vətəndaşlara müraciət

Bir neçə gün əvvəl mətbuatda şimal bölgəsində yol polisinin sürücülərə qarşı ədəbsiz hərəkətlərə yol verməsi ilə bağlı məlumat yayılıb.

Həmin yazıda bildirilir ki, şimal bölgəsinə istirahətə gedən vətəndaşlar yol polisləri tərəfindən qanunsuz şəkildə saxlanılır, onlara qarşı ədəbsiz ifadələrə işlədilir. Məsələn, 10 MB 742 dövlət nömrə nişanlı "Honda Akkord" markalı maşının sürücüsü polisin davranışından, lazım oldu-olmadı maşınları saxladıb sərnişinlərin kimliyini soruşmasından, insanların istirahət hüquqlarının kobud şəkildə pozulmasından, heç bir səbəb olmadan cərimə protokollarının yazılmasından şikayətçidir: "Protokol yazanda bunun niyə, hansı qanunsuz əmələ görə yazıldığını soruşanda adamın üstünə şər atmaqdan belə çəkinmirlər. Deyirlər, gedin kimə və hara şikayət edirsiniz edin. Sizə yox, bizə inanacaqlar. Belə də iş olar, bəs biz dərdimizi kimə deyək?".

Yazıda qeyd olunan şikayətlərlə bağlı DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Kamran Əliyev "Qafqazinfo"ya açıqlama verib.

Kamran Əliyev bildirib ki, həmin yazıda iki fiziki şəxsə məxsus olan avtomobilin nömrələri göstərilib: "Amma BDYP-nin Mərkəzi İnformasiya sistemində hər iki sürücü barədə hər hansı protokulun tərtib olunması haqqında məlumat yoxdur. Əgər o sürücülərə həqiqətən də bizim əməkdaşlar tərəfindən hər hansı ədəbsiz və qanunazidd hərəkətlərə yol verilibsə, onda biz xahiş edirik həmin şəxslər bizim idarəyə müraciət etsinlər. Sözsüz ki, idarənin rəhbərliyi də o cür əməkdaşın aşkarlanıb barəsində ciddi ölçü götürülməsində maraqlıdır".

Mətbuat xidmətinin rəhbəri vətəndaşlara müraciət də edib

"Kim bizim əməkdaşların kobud və qanunazidd hərəkətləri ilə qarşılarsa, xahiş edirik ki, birinci növbədə bizə müraciət etsinlər. Əgər məsələ öz həllini tapmasa, ondan sonra vətəndaş hər yerə müraciət edə bilər. Bu onların hüququdur"-deyə qeyd edib.

AzNews.az