Yeni universitet hara kadr hazırlayacaq – İKT-yə, yoxsa işsizlər ordusuna?

İnformasiya Texnologiyaları Universiteti növbəti tədris ilində fəaliyyətə başlayacaq




2013-2014-cü tədris ilindən etibarən Azərbaycan təhsil ocaqlarının siyahısına biri də əlavə olunacaq. Belə ki, artıq İnformasiya Texnologiyaları Universitetinin nizamnaməsi hazırlanır. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mətbuata açıqlamasında deyib ki, universitetin qəbul planı, tədris məsələləri üzərində iş aparılır. Növbəti tədris ili üçün bütün işlər bitəcək.

Universitetin yaradılmasında əsas məqsəd informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir. Rabitə və İnformasiya Nazirliyinin İnformasiya Cəmiyyətinin İnkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev AzNews.az-a açıqlamasında bildirib ki, hazırda ölkəmizdə daha çox yüksək hazırlıq səviyyəsinə malik kadrlara ehtiyac var: "İnformasiya təhlükəsizliyi, proqram mühəndisliyi, şəbəkə adminstratoru ixtisasları üzrə yüksək hazırlıqlı kadrlara ehtiyac var. Azərbaycanda yaradılmaqda olan Universitet Avropa modeli olacaq. Hazırda xaricdə təhsil almaq məqsədi ilə dünyanın bir sıra tanınmış iniversitetlərinə tələbə göndəririk. Lakin ölkəmizdə də yüksək kadr hazırlığına ehtiyac var".

Təhsilli kadrların işlə təmin olunması məsələsi də problemdir. Məlumdur ki, indiyədək rabitə sahəsində orta səviyyədə də olsa, kadr hazırlığı olub. Yüksək ixtisaslı kadr hazırlığı bu sahədə orta ixtisas təhsili müəssisələrinə maraq və tələbatı azaltmayacaq ki? Müşahidələr də göstərir ki, həmin müəssisələri bitirən kadrlar işsizdir. Universiteti bitirənləri də həmin aqibətin gözləmədiyinə isə heç kim zəmanət verə bilməz. İ.Əliyevin fikrincə, texnikum səviyyəsi ilə universitet səviyyəsinin fərqi var və bu gün diplomlu deyil, hazırlıqlı kadrlara tələbat hiss olunur: "Universitet qurtaranların hamısı yüksək səviyyəli kadr olmur. Bazarın tələbatına uyğun hazırlığı olan kadrlara hər zaman, hər yerdə tələbat var. Yüksək ixtisaslı kadrlar şirkətlərdə və dövlət qurumlarında asanlıqla iş tapa bilər".
Bu sahədə əmək haqqı məsələsinə də toxunan şöbə müdiri rabitə sahəsindəki məvacibin ölkə üzrə orta əmək haqqı səviyyəsindən yüksək olduğunu da vurğulayıb: "İKT sahəsində maaş yüksəkdir. Rabitə sahəsində də az sayılmaz. Bu sahədə ölkə üzrə orta əmək haqqı səviyyəsindən yüksəkdir".

Ruhiyyə
AzNews.az