Diplomatik korpuslarda rüsum niyə gizlədilir - ARAŞDIRMA

Bunun arxasında daha çox qazanmaq istəyi durur, yoxsa...

AzNews.az-a daxil olan məlumata görə, Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və nümayəndəliklərində ciddi qanun pozuntularına yol verilir. Konsulluqların xidmət sahəsinə daxil olan pasport, ölkəyə qayıdış, viza, notariat hərəkətlər, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, immiqrasiya məsələlərinin həlli zamanı rüşvət amilinin həlledici olduğu bildirilir. Hətta dövlət rüsumunun ödənişi də əvvəlcədən müəyyən olunan siyahı üzrə deyil, diplomatik nümayəndəliklərin özəl qiymətləri ilə aparılır. Yəni, vətəndaşın hər hansı xidmət müqabilində ödəyəcəyi məbləği konsulluq əməkdaşları təyin edir.

Başqa sözlə səfirlik və konsulluqlarımızda vətəndaşlardan təyin olunmuş dövlət rüsumu adı altında rüşvət tələb olunur.

Təyin olunan rüsumun məbləği ilə tələb edilən ödənişin dəyəri uyğun gəlmir

Beləliklə Azərbaycan qanunvericiliyinə uyğun təyin olunan rüsumlar arasında ciddi fərq yaranır. Ən bahalı "rüsum"lardan biri Azərbaycana vizanın qiymətidir. Məsələn, qanunla mümkünsüz vizaların qiyməti çətinlik dərəcəsindən asılı olaraq 5-10 min dollar civarında dəyişir.
Digər rüsumlarda da ciddi fərqlər olur. Məsələn, 20 dollarlıq sənəd üçün 50 dollar tələb olunur. Qanunsuz əməlin qanuniləşdirilməsi prosesi də elə konsulluq daxilində həyata keçirilir. Belə ki, vətəndaşa ödədiyi məbləğə uyğun qəbz verilir. Lakin qəbzlə qeydiyyat biri-birinə uyğun gəlmir. Burada aparılan əməliyyat hər şeyi qanuni göstərməyə xidmət edir.

Problemlər cəzasızlıqdan qaynaqlanır

Azərbaycan vətəndaşı olaraq, xaricdə pasportunun vaxtı qurtaranlar, sənədlərini itirənlər, etibarnamə almaq istəyənlər, uşaqlarını kiminləsə göndərmək istəyənlər konsulluqlara baş vurur, ən qısa zamanda işini həll etmək istəyir. Sənədləşmə işinin ən qısa zamanda bitməsinə çalışan vətəndaşlarımızın qarşılaşdığı problemlərin çoxu məlumatsızlıq, vaxt azlığı və çarəsizliklə izah olunur.

Məlumatsızlıq əslində bir az da vətəndaşın problemidir, - deyə bilərik. Çünki Xarici İşlər Nazirliyinin rəsmi saytında istənilən konsulluq məsələsi üçün nəzərdə tutulan dövlət rüsumu barədə məlumatlar öz əksini tapıb. Vətəndaşlarımız diplomatik korpuslara baş vurmazdan öncə sayta daxil olaraq bir neçə dəqiqəlik vaxt itkisi ilə ödəyəcəyi məbləği öyrənə bilər. Hərçənd, çox vaxt məlumatlı olmaq da rüsum ödənişində vətəndaşın köməyinə gəlmir. Belə ki, lazım olan rüsum məbləğini müəyyənləşdirib ödəməni həyata keçirmək istəyənlər əlavə çətinliklərlə üzləşir. Başqa sözlə, konsulluqlarda çalışanların şifahi şəkildə təqdim etdiyi rəqəmi ödəmək istəməyənlərin işi "düyün"ə düşür.

Beləliklə, Azərbaycan vətəndaşları çox vaxt incidilir, lakin cəzasızlıq və ya işin tez başa gəlməsi istəyi onları qanunsuzluqlarla mübarizə aparmaqdan çəkindirir. Əksəriyyət işinin tez başa gəlməsi üçün istənilən rüsumu və ya rüşvəti verir. Şikayət etməyə isə 100 adamdan biri cəsarət edir. Çünki bilirlər ki, şikayət etdikləri konsul və ya hər hansı məsul şəxs cəzalandırılmayacaq.

Çıxış yolu uzaqda deyil

Çıxış yollarından biri elə diplomatik nümayəndəliklərin özündə gizlədilir. Belə ki, dövlətə ödənilən rüsumların əks olunduğu siyahı çap olunaraq hər bir nümayəndəliyin girişində divara asılmalıdır. Bu vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsində və şəffaflığın təmin olunmasında mühüm rol oynayar. Elə isə, bu addım nədən atılmır?

Və XİN-dən rəsmi açıqlama

Konsulluq və nümayəndəliklərdə baş verənləri gözdən iraq olduqları üçün nəzarətdən kənarda qalmaları ilə da izah edə bilərik. Səbəb nə olursa-olsun, nəticədə burada baş verənlər istifadəçilərin narazılığına səbəb olur. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-a bildirib ki, vətəndaşların xidmətdən razı qalması hər şeydən önəmlidir.

Odur ki, bu barədə deyilən bütün fikirlər qurumda nəzərə alınacaq və araşdırılacaq: "XİN bütün vətəndaşlarımızdan xahiş edir ki, diplomatik nümayəndəliklərimizdə qarşılaşdıqları bütün haqsızlıqlar barədə məlumat vermək üçün vaxtlarına heyfi gəlməsin. Hər hansı rüsumdan şübhələnərlərsə, nazirliyə müraciət etsinlər. Bildirilən iradlar isə araşdırılacaq və müvafiq tədbirlər görüləcək".

Aznews.az dövlət rüsumu tutulmalı olan hərəkətlərin və dövlət rüsumunun məbləğinin əksini tapdığı siyahını təqdim edir

Dövlət Rüsumu Haqqında Qanunun 16-cı Maddəsindən

16.1. Pasportların və vizaların verilməsinə görə
16.1.2. ümumvətəndaş pasportların alınması məqsədilə sənədlərin səfirlikdə və ya konsulluqda tərtib edilib göndərilməsinə görə 55 ABŞ dolları;
16.1.3. ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə 40 ABŞ dolları ;
16.1.4. xarici ölkələrin sərfirliklərinə və konsulluqlarına viza rəsmiləşdirilməsi üçün verilən notaya görə 4 man;
16.1.5. səfirliklərə və konsulluqlara vizaların verilməsinə dair göstərişlərin göndərilməsinə görə 4 manat;


16.2. Vətəndaşlıq məsələlərilə əlaqədar sənədlərin rəsmiləşdirilməsinə görə;
16.2.1. vətəndaşlığın bərpa edilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 150 ABŞ dolları;
16.2.2. vətəndaşlığa xitam verilməsi üçün vəsatətin rəsmiləşdirilməsinə görə 400 ABŞ dolları.

16.3. VVAQ məsələlərinə dair konsulluq əməliyyatlarına görə:
16.3.1. nikahın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 40 ABŞ dolları;
16.3.2. boşanmanın qeydə alınması və bu barədə şəhadətnamənin verilməsinə görə 40 ABŞ dolları;
16.3.3. Qanunla müəyyənləşdirilmiş qaydada itkin düşmüş və ya ruhi xəstəlik nəticəsində və ya cinayət əməli törətdiklərinə görə 3 ildən artıq müddətə məhkum olunmuş şəxslərə boşanmanın qeydə alınmasına görə 10 ABŞ dolları;
16.3.4. adın, soyadın, ata adının dəyişdirilməsinə (nigahla əlaqədar olan hallar istisna olmaqla) dair materialların rəsmiləşdirilməsinə görə 50 ABŞ dolları;
16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında arxiv materiallarına əsasən təkrar şəhadətnamələrin verilməsinə görə 40 ABŞ dolları;
16.3.6. doğum, ölüm, nigah və boşanma haqqında akt qeydlərində dəyişikliklərin, düzəlişlərin, əlavələrin edilməsi və akt qeydlərinin bərpa olunması ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə 20 ABŞ dolları;
16.3.7. xarici ölkələrin VVAQ orqanları tərəfindən nigahın qeydə alınması məqsədilə subaylıq haqqında arayışın verilməsinə görə 30 ABŞ dolları.

16.4. Sənədlərin sorğu əsasında alınmasına görə:


16.4.1. sənədlərin sorğu əsasında alınmasına görə (hər sənəd üçün):
16.4.1.1. Azərbaycan Respublikasında 4 manat
16.4.1.2. ölkə xaricində 25 manat
16.5. Sənədlərin leqallaşdırılmasına görə:

16.5.1. Azərbaycan Respublikasında 4 manat
16.5.2. xarici ölkədə 50 manat

16.6. Notariat hərəkətlərinin aparılmasına görə:

16.6.1. Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlak istisna olmaqla, əmlakdan, o cümlədən avtonəqliyyat vasitələrindən istifadə etmək və ona sərəncam vermək, kredit əməliyyatlarını yerinə yetirmək hüququ verən vəkalətnamələrin notariat təsdiqinə görə 50 ABŞ dolları;
16.6.2. müxtəlif şəxslərdən və idarələrdən poçt yolu ilə daxil olmuş pul vəsaitlərinin, bağlamaların, korrespondensiyaların bank idarələrindən alınması və ona sərəncam verilməsi barədə vəkalətnamələrin təsdiqinə görə 25 ABŞ dolları;
16.6.3. müqavilələrin və əqdlərin notariat təsdiqinə görə:
16.6.3.1. əmlak bölgüsü, zaminlik və digər qiymətləndirilməyən müqavilələrin təsdiqinə görə 75 ABŞ dolları;
16.6.3.2. qiymətləndirilən digər müqavilələrin təsdiqinə görə 150 ABŞ dolları;
16.6.3.3. avtonəqliyyatın özgəninkiləşdirilməsinə dair müqavilənin təsdiqinə görə 100 ABŞ dolları;
16.6.3.4. sair müqavilələrin təsdiqinə görə 50 ABŞ dolları;
16.6.4. təhsil, əmək, VVAQ sənədlərinin surətini, həmçinin bu sənədlərdən çıxarışların təsdiq edilməsinə görə 20 ABŞ dolları;
16.6.5. Azərbaycan Respublikasının vətəndaşlarının diplomatik nümayəndəliklərdə və konsulluqlarda saxlanılan əmlak və maliyyə sənədlərinin surətlərinin və onlardan çıxarışların verilməsinə görə 20 ABŞ dolları;
16.6.6. imzaların həqiqiliyinin notariat təsdiqinə görə (hər sənəd üçün) 60 ABŞ dolları;
16.6.7. sənədin tərcüməsi və eyni zamanda tərcümənin düzgünlüyünün notariat təsdiqinə görə (hər səhifə üçün):
xarici dillərdən 20 ABŞ dolları ;
xarici dillərə 40 ABŞ dolları;
16.6.8. qəyyumun təyin edilməsinə dair aktın tərtib edilməsinə görə 50 ABŞ dolları;
16.6.9. əmlakın idarə edilməsinə dair qəyyumun hesabatının təsdiq edilməsinə görə 50 ABŞ dolları;
16.6.10. vərəsəlik əmlakının siyahısının tərtib edilməsinə və bu əmlakın mühafizə olunması üçün qəbul edilməsinə görə 100 ABŞ dolları;
16.6.11. maraqlı şəxslərin xahişinə əsasən təqdim edilmiş siyahı əsasında əmlakın yoxlanılmasına görə 100 ABŞ dolları;
16.6.12. vəsiyyətnamənin notariat təsdiqinə görə 100 ABŞ dolları;
16.6.13. miras qoyanın xahişinə əsasən vəsiyyətnaməyə hər hansı dəyişikliklərin və əlavələrin edilməsinə görə 100 ABŞ dolları;
16.6.14. vəsiyyətnamənin konsulluqda saxlanmasına görə 100 ABŞ dolları
16.6.15. Konsulluğun vəzifəli şəxsi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə görə 200 ABŞ dolları;
16.6.16. malların və digər əmlakın satışına görə 100 ABŞ dolları;
16.6.17. Konsulluqda sənədlərin (vəsiyyətnamə istisna olmaqla) saxlanmasına görə 20 ;
16.6.18. pulun, qiymətli kağızların və sair qiymətli əşyaların (miras istisna olmaqla) saxlanmasına görə (hər ay üçün) 50;
16.6.19. əmlakın və pul məbləğlərinin aidiyyatı üzrə çatdırılması üçün 6 aylıq müddətədək ümumi depozitə qəbul edilməsinə görə (hər ay üçün) 50 ABŞ dolları ;
16.6.20. icra qeydlərinin aparılmasına görə 30 ABŞ dolları
16.6.21. sənədlərin diplomatik poçtla hüquqi şəxslərin ünvanına göndərilməsinə görə 100 ABŞ dolları;
16.6.22. xarici dövlətin bayrağı altında üzən gəminin yüklənməsi və ya boşaldılmasına dair şəhadətnamənin, digər arayışların və bəyannamələrin verilməsinə görə 50 ABŞ dolları;
16.7. Digər konsul əməliyyatlarına görə 20 ABŞ dolları.

Ruhiyyə
AzNews.az