Mikayıl Cabbarov müavinini işdən uzaqlaşdırdı - EKSKLÜZİV

Qulu Novruzov heç bir açıqlama vermir

Mikayıl Cabbarovun təhsil naziri təyin olunmasından sonra nazirlikdə aparılan kadr islahatına biri də əlavə olunub. AzNews.az-a daxil olan məlumata görə bu dəfə vəzifəsindən kənarlaşdırılan şəxs hansısa şöbə müdiri yox, məhz nazirin müavinidir. Son 1 ildə təhsil nazirinin müavini postunu tutan Qulu Novruzov faktiki olaraq vəzifəsindən kənarlaşdırılıb və artıq bir həftəyə yaxındır ki, işə gəlmir.
Nazir müavini vəzifəsinə təyinat və vəzifədən azad olma Prezident sərəncamı ilə həyata keçirildiyindən Qulu Novruzovun istefa verməyə məcbur edildiyi bildirilir.

AzNews.az-ın əməkdaşı xəbəri dəqiqləşdirməkdən ötrü iyunun 4-də Qulu Novruzovla telefon əlaqəsi yaradıb. Zəngə cavab verən Qulu Novruzov sualı eşitdikdən sonra heç bir açıqlama vermədən telefonu əvvəlcə bağlayıb, daha sonra isə ümumiyyətlə söndürüb. Gün ərzində Qulu Novruzovun mobil telefonuna zəng çatmayıb. Nazir müavini ilə iş gününün sonuna qədər iş telefonu vasitəsilə də əlaqə saxlamaq mümkün olmayıb.

Məlumat üçün bildirək ki, təhsil nazirinin 2 müavini vəzifəsi də xeyli müddətdir ki, boşdur. Elmar Qasımov, İradə Hüseynova və İsgəndər İsgəndərov vəzifəsindən azad edildikdən sonra yalnız Qulu Novruzovun nazir müavini postuna təyinatı olub.

Xatirə
AzNews.az