Bu cinayətdən nə DİN-in, nə də Səhiyyə Nazirliyinin xəbəri var Bu cinayətdən nə DİN-in, nə də Səhiyyə Nazirliyinin xəbəri var

İnternet vasitəsilə satılan zəhərli dərmanlar

Bu cinayətdən nə DİN-in, nə də Səhiyyə Nazirliyinin xəbəri var



"İnterpol"un həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz dərman satışı ilə məşğul olan 10 mindən çox sayt bağlanıb. Dünya mətbuatında yayılan xəbərə görə, təxminən 30 milyon avro dəyərində 10 milyon saxta dərman preparatı dövriyyədən çıxarılıb. Əməliyyatların 100-ə yaxın ölkədə keçirildiyi bildirilib.

Azərbaycanda saxta dərman satışını həyata keçirən saytların olub-olmadığını, aparılan genişmiqyaslı əməliyyatların Azərbaycanı da əhatə edib-etmədiyini müəyyənləşdirə bilmədik. DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun nə əməliyyat, nə də ölkəmizdə fəaliyyətdə olan hər hansı saxta dərman satışı ilə məşğul olan sayt barədə məlumatlı olmadığını bildirdi.

Səhiyyə Nazirliyi də belə bir saytların olub-olmadığı barədə məlumata malik deyil. Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Anar Qədirli AzNews.az-a açıqlamasında bu sahədə nəzarətin Daxili İşlər Nazirliyində olduğunu bildirib. Azərbaycanın saxta dərman bazarına çevrilməsinin qarşısını almaq üçün Səhiyyə Nazirliyinin gördüyü tədbirlərdən danışan Anar Qədirli deyib ki, bu sahədə ciddi nəzarət tədbirləri həyata keçirilir: "Ölkəmizdə dərman satışı ilə hüquqi şəxslər məşğul olur. Onlar Səhiyyə Nazirliyindən aldığı lisenziya əsasında fəaliyyət göstərir. Təbii ki, hüquqi şəxsdirsə, onun fəaliyyəti üçün konkret ünvan olur. Əgər fəaliyyət növlərinə internetlə satış daxildirsə, bu, mütləq sənədlərdə öz əksini tapmalıdır. Bu variantda hər hansı saxta dərman satışından söhbət gedə bilməz".

Saxta dərmanlar ölkəyə kiçik həcmdə daxil ola bilər: "Hansısa şəxs internetdən sifariş alır, internetlə sifariş verib kiçik həcmdə dərman gətirə bilər. Bu variantda kütləvilikdən söhbət gedə bilməz. Həmin dərmanlar, tutaq ki, poçtla daxil ola bilər ki, bu vəziyyətdə sadəcə bir neçə qutu yoxlanılmadan gətirilər".

Hüquqi şəxslərin gətirdiyi dərmanlar isə hələ ölkəyə daxil olmamış yoxlanılır: "Bu prosesdə yalnız Səhiyyə Nazirliyi deyil, Gömrük Komitəsi və başqa dövlət orqanları da iştirak edir".

Qeyd edək ki, saxta dərman istehsalı və satışı çox böyük gəlir sahələrindən sayılır. Bu gəlirin hətta narkotikin satışından gələn gəlirlə müqayisə olunduğu iddia edilir. Dünya bazarındakı dərmanların 10 faizi saxta preparatlardır. Onların 80 faizi isə məhz internet vasitəsi ilə satışa çıxarılır.

Ruhiyyə
AzNews.az