- Qanundan kənarda
- 11:36
- 1 546
DİN: 9 ayda 4181 odlu silah götürülüb

Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahlarla bağlı müraciət edib.
DİN-dən verilən məlumata görə, müraciətdə deyilir ki, qanunsuz odlu silahların saxlanılması və daşınması cəmiyyət üçün ciddi təhlükə mənbəyidir:
"Belə silahlar istənilən vaxt qeyri-qanuni məqsədlə istifadə edilərək insan həyatına, sağlamlığına və ağır cinayətlərə səbəb ola bilər. Buna görə də daxili işlər orqanları əhali arasında profilaktik izahat işlərini, silahların aşkarlanması və yığılması üçün planlı əməliyyat-axtarış tədbirlərini sistemli şəkildə həyata keçirir və əldə edilən nəticələri ictimaiyyətlə bölüşür.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat və profilaktik tədbirlər nəticəsində 2025-ci ilin 9 ayı ərzində 4181 ədəd odlu silah aşkar olunaraq götürülüb ki, onların da 1126-sı avtomat silahı, 263-ü tapança, 2792-si isə tüfəng olub.
Qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər. Belə ki, 2025-ci ilin 9 ayı ərzində 3536 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. Keçirilən əməliyyat tədbirlərilə isə 645 silah aşkar olunaraq götürülüb.
Qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevirilə, faciəyə səbəb ola bilər. Könüllü olaraq polisə təqdim edilən silaha görə isə vətəndaş məsuliyyətə cəlb edilmir. Buna görə də vətəndaşlara müraciət edərək qanunsuz yollarla əldə etdikləri və ya tapdıqları silah-sursatı könüllü olaraq yaxınlıqdakı polis orqanlarına təhvil vermələrini xahiş və tövsiyə edirik. Bu halda həmin şəxs heç bir cinayət məsuliyyəti daşımayacaq və bununla da həm özünü, həm də ailəsini böyük təhlükədən və qanunla müəyyən olunmuş ağır cinayət məsuliyyətindən xilas etmiş olacaq.
Bu vətəndaşlıq nümunəsində cəmiyyətin hər bir üzvünün dəstəyi önəmlidir. Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik".