- Müşahidə məntəqəsi
- 16:46
- 783
Heyvandarlıqda yeni kəsim normativləri: Qısamüddətli bahalaşma, yoxsa uzunmüddətli sabitlik?
"Bəli, belə tələblərin qısa müddətdə ət qiymətlərinə müəyyən təzyiq göstərməsi mümkündür. Heyvanların daha uzun müddət saxlanılması yem, baytarlıq, su və digər xərclərin artmasına səbəb olur. Bu əlavə xərclərin bir hissəsi satış qiymətinə yansıya bilər. Lakin uzunmüddətli perspektivdə məhsuldar heyvanların qorunması təklifin sabitləşməsinə və qiymət artımının qarşısının alınmasına kömək edə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının kəsilməsi ilə bağlı minimum çəki və yaş hədlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Yeni yanaşmanın əsas məqsədlərindən biri heyvanların məhsuldarlıq potensialından daha səmərəli istifadə etmək və təsərrüfatlarda məhsuldar heyvanların sayının azalmasının qarşısını almaqdır. Bununla yanaşı, belə tələbin ət bazarına, məhsulun qiymətinə, fermerlərin gəlirlərinə və heyvandarlıq təsərrüfatlarının fəaliyyətinə necə təsir göstərəcəyi də diqqət çəkir. Bu baxımdan məsələnin iqtisadi tərəflərini və mümkün nəticələrini iqtisadçı ilə müzakirə etdik.
A. Nəsirli qeyd edib ki, kiçik və orta fermerlər üçün əsas maliyyə yükü heyvanların müəyyən edilmiş kəsim yaşı və çəkisinə çatana qədər yaranacaq əlavə saxlanma xərcləri ilə bağlı olacaq.
"Xüsusilə yem xərclərinin yüksək olduğu təsərrüfatlarda bu, dövriyyə vəsaitinə olan ehtiyacı artıra bilər. Buna görə də yeni qaydalar tətbiq edilərkən fermerlər üçün keçid müddətinin müəyyənləşdirilməsi, yem və maliyyə dəstəyinin genişləndirilməsi vacibdir. Əks halda, bəzi kiçik təsərrüfatlar heyvandarlıq fəaliyyətindən çıxmaq məcburiyyətində qala bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az