İran müharibəsində ABŞ-nin 81 hava vasitəsi məhv edilib və ya zədələnib

Müharibə bütün dünyaya ciddi təsir göstərir.

ABŞ ilə İran arasında müharibə artıq aylardır davam edir.

Müharibə səbəbindən hüquqi statusu ilə bağlı ciddi fikir ayrılığı yaşanan Hörmüz boğazındakı vəziyyət də neft qiymətlərinin artmasına səbəb olaraq dünya iqtisadiyyatında müəyyən çatışmazlıqlar yaradır.

Digər tərəfdən, müharibə xərcləri səbəbindən iki ölkənin iqtisadiyyatında yaranan həssas vəziyyət də diqqət çəkir.

ABŞ Konqresinin Tədqiqat Xidməti İran müharibəsində hava vasitələrinə dəyən zərərlə bağlı hesabat hazırlayıb.

Müharibədə ABŞ-yə məxsus 81 hava vasitəsi məhv edilib və ya zədələnib

Hesabatda bildirilib ki, ABŞ fevralın 28-də İrana qarşı hücumlara başladıqdan sonra helikopterlər, təyyarələr və PUA-lar da daxil olmaqla 81 hava vasitəsini ya tamamilə itirib, ya da həmin vasitələrə daimi ziyan dəyib.

Konqresin Büdcə Ofisinin məlumatlarına istinad edilən hesabatda qeyd olunub ki, bu itkilərin ümumi dəyəri ABŞ Müdafiə Nazirliyinin yenilənmə planlarından asılı olaraq 1,9-3,3 milyard dollar arasında qiymətləndirilir.

Siyahıda qabaqcıl təyyarələr də var

Hesabatda yer alan itkilərin yarıdan çoxunu kəşfiyyat, müşahidə, yaxın hava dəstəyi və döyüş axtarış-xilasetmə missiyalarında geniş istifadə olunan MQ-9 Reaper silahlı pilotsuz uçuş aparatları təşkil edib.

İtkilər və zərər görən platformalar arasında ABŞ-nin ən qabaqcıl görünməzlik texnologiyasına malik qırıcı təyyarələrindən biri olan F-35A və hava məkanına nəzarət, eləcə də hədəflərin izlənməsi üçün istifadə olunan dörd mühərrikli E-3 Sentry erkən xəbərdarlıq təyyarəsinin də olduğu açıqlanıb.

Müharibənin xərci 45 milyard dollara çatıb

CNN-ə məlumat verən mənbələr isə bildiriblər ki, regional hərbi bazalardakı infrastruktur zərərləri nəzərə alınmadan müharibənin ABŞ büdcəsinə ümumi maliyyə yükü artıq ən azı 45 milyard dollara çatıb.

Mövsüm,
AzNews.az