Həbsdəki ictimai-siyasi fəalların “Facebook” profilləri

Adamlar tutulandan sonra onların "Facebook" sosial şəbəkəsindəki profillərinin taleyi necə olur? "Media forum" saytı həbsdə olan bir sıra ictimai-siyasi fəalların "Facebook"dakı profilləri ilə maraqlanıb.

Müsavat başqanının müavini, "Yeni Müsavat" qəzetinin yazarı Tofiq Yaqublu fevralın 4-dən həbsdədir. Tofiq Yaqublunun "Facebook"da 4145 dostu var. Onun profilində sonuncu məlumat fevralın 3-də yerləşdirilib. O vaxtdan Tofiq Yaqublunun "Facebook" profili fəaliyyət göstərmir.

REAL hərəkatının sədri İlqar Məmmədov fevralın 4-dən həbsdədir. İlqar Məmmədovun "Facebook"da 5 minə yaxın dostu var. Onun profilində sonuncu məlumat fevralın 3-də yerləşdirilib və həmin vaxtdan bu profil fəaliyyət göstərmir.

"Nida" Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizov martın 7-dən, Rəşad Həsənov martın 14-dən, Rəşadət Axundov və Üzeyir Məmmədli martın 30-dan, Zaur Qurbanlı aprelin 1-dən həbsdədirlər. Həbs olunduqları gündən onların "Facebook"dakı profilləri silinib.

"Azad Gənclik" Təşkilatının üzvü İlkin Rüstəmzadə mayın 17-dən həbsdədir. İlkin Rüstəmzadənin "Facebook"da 1911 dostu var. Onun profilində sonuncu məlumat mayın 16-da yerləşdirilib. O vaxtdan İlkin Rüstəmzadənin "Facebook" profili fəaliyyət göstərmir.

Milli Şuranın üzvü, hüquqşünas Qurban Məmmədov iyunun 4-dən həbsdədir. Qurban Məmmədovun "Facebook"da 2 minə yaxın dostu var. Tutulduğu gün o, "Facebook" profilində nəvəsinin videosunu paylaşıb. Qurban Məmmədovun "Facebook" profilində hazırda da məlumatlar yerləşdirilir. İndi yaxınlarının idarə etdiyi bu profildə əsasən Qurban Məmmədovun həbsi, müdafiəsi ilə bağlı materiallar yerləşdirilir.

Müsavat başqanının müşaviri Yadigar Sadıqov iyunun 27-dən həbsdədir. Yadigar Sadıqovun "Facebook"da 4604 dostu var. Onun profilində sonuncu məlumat tutulduğu gün yerləşdirilib. O vaxtdan Yadigar Sadıqovun "Facebook" səhifəsi fəaliyyət göstərmir.

AzNews.az