Küçədə baxılan kino

ORT-nin "Qapalı baxış" deyilən bir verilişi var. Ötən dəfə kinorejissor Dmitri Mamuliyanın "Özgə səma" filmini göstərdilər.
Filmə baxışdan əvvəl ənənəvi olaraq auditoriyadakı rəyçilərdən bir-bir soruldu: "Filmə baxaq, baxmayaq?" Cəmi bir kinotənqidçi "Baxmayaq, – dedi. – Küçəyə çıxmaqla da bunu görmək olar".

Mən filmə baxandan sonra ona haqq qazandırdım. Çünki "Özgə səma" işçi-miqrantlar haqda kədərli bir hekayətdir. Və bir film çərçivəsində göstərilən əhvalat istənilən işçi-miqrantın "alın yazısı"dır.

...Orta, təxminən 40-45 yaşlı, şərqli bir kişi. Arvadı onu ataraq Moskvaya gedib. Yeganə övlad – təxminən 10 yaşlı oğul anasını heç xatırlamır.

Filmin baş personajının dolanışığı qoyun sürüsündən çıxır. Amma bir gün amansız xəstəlik sürünün axırına çıxır. Və ortaya ritorik sual çıxır: "Nə etməli?"

Yeganə çıxış yolu – Rusiyaya mühacirətdir. Adsız baş personaj qənaətlə mücrüyə topladığı pulu, üstəlik, onu atıb getmiş və böyük ehtimalla, yaxşı əxlaq sahibi olmayan keçmiş arvadının fotosunu da götürüb Böyük Şəhərə yollanır.

Elə burdaca qadın müdafiəçilərinin məni ittihamlamaması üçün sübut gətirim: qadının fahişəliyi sonrakı kadrlarda dolayısı ilə isbatlanır – çinli rəfiqələri vasitəsilə, həm də sözsüz, baş qəhrəmana ona verilən ünvana – gizli fahişəxanaya gedişiylə.

Yenidən baş personaja qayıdıram. Moskva onun göz yaşlarına elə dəmiryol vağzalında inanmır. Susqun, başıaşağı kişini səbəbsiz-gərəksiz yaxalayaraq polis şöbəsinə aparılar. Təhqir, addımbaşı aşağılanma ilə başlayan qısa mühacirət dövründə kişi oğlunu da faciəli şəkildə itirir. Lakin sonda axtardığı adamı – keçmiş arvadını tapır...

"Özgə səma"da söz azdır. Demək olar ki, səssiz film. "Özgə səma"da olmayan başqa şeylər də var: mərhəmət, rəhmdillik, eşq... Boz bir mühit. Duyğusuz insan. Şəfqət hissi bircə dəfə baş qaldırır. O da qığılcım kimi. Tez alışıb tez də sönür.

Mən bu cür insanların varlığına inanıram. Taleyin acısına boyun əymiş, ümidsizliyin bataqlığında boğulmuş, aqibəti ilə barışmış, çarəsizliyi faniliyi qədər dərk eləmiş adamlar nə qədər desən! Xüsusən Rusiyada. Çünki bədbəxtliyin, dərdin, ağrının elə bir dərəcəsi var ki, artıq hisslər tam korşalır, duyğu üzvləri itir, heç olmayıbmış kimi...

Moskva və irili-xırdalı Rusiya şəhərlərində güzəranını keçirən neçə-neçə azərbaycanlı bu durumdadır. Kimsənin onlara arxa duracaqlarına ümid bəsləməyən, heç kimdən də dayaq ummayan, yalnız cismani varlıqlarını saxlamaq üçün yaşayan, yaşamın nəşəsini unutmuş, təsadüfi tanışlıqlarla elindən-obasından xəbər alan, ucuz fahişəxanalarda qısa həzz dadan, ağızlarındakı damaq dadı dəyişmiş, kirli köynəklərinin qaralmış yaxalığından utanmayan, bədənlərinin iyləri satdıqlarının qoxusuna qarışmış, həyatın dibində beli qatlanmış zavallılar.

Bir-birinə kələk gələn, pul çırpışdıran, kürəyinə bıçaq saplayan, sonra da hüzründə oturub saxta göz yaşları tökən, ifşa olunduqda isə göz yaşı içində tələsik tövbə edən, evlərində – mühacirlər arasında – xoruz, çöldə – "skinxed", rus polisi, məmur qarşısında – toyuq, alçağını vicdanlısından ayıra bilmədiyimiz mühacirlər.

Qürbətdə Azərbaycan TV-lərinin kameraları qarşısında qızıl dişlərini parıldadan, xoşbəxtlikdən, firavanlıqdan dəm vuran, günlərin bir günü bitli-birəli kürklərini milyonçu paltosuna dəyəşərək Vətənə dönəcəklərinə and içən, başı ağardıqda, canı çıxhaçıxda olduqda Vətəndə şoran torpağı belə öpüb yalamağa hazır adamcığazlar...
Siz kimsiniz? Kiminsiniz?
Yiyəsizlər!..

"Özgə səma"nın nümayişindən öncə kinotənqidçinin dediyi söz yadıma düşdü: "Filmə baxmayaq, küçəyə çıxmaqla da bunu görmək olar".

AzNews.az