Jurnalistlər yeni mənzillərinə nə vaxt köçəcəklər?- AÇIQLAMA

KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada ev almış jurnalistlər avqust ayının sonuna qədər yeni mənzillərinə köçəcəklər. AzNews.az xəbər verir ki, bu barədə modern.az-a binaya müvəqqəti nəzarəti həyata keçirən rəhbər məlumat verib. Onun sözlərinə görə, artıq binanın yeni komendantı təyin olunub.

"Avqustun 20-dən sonra jurnalistlərə binaya köçmək üçün icazə veriləcək. Mənzillərin sənədləri isə sonradan onlara təqdim olunacaq"-deyə nəzarətçi vurğulayıb. Mənzillərə qazın, suyun, işığın verilməsi həll edilib. Bina tam olaraq yeni sakinlərini qəbul etməyə hazırdır.

Prezident İlham Əliyevin sərəncamı ilə Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş çoxmərtəbəli binanın hazırda mənzillərin sənədləşmə prosesi gedir. Binanın açılış mərasimi zamanı 156 mənzilin sahiblərinin kimliyi bəlli olsa da onlar hələ ki, rəsmi olaraq həmin evlərə köçməyiblər. Mediaya açıqlamalarından birində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, mənzillərin açarlarının jurnalistlərə verilməsi üçün lazımi işlər aparılır. KİVDF rəsmisi orderin alınmasınını vaxt aparan proses olduğundan, jurnalistlərin öz mənzillərinə köçmələrinin uzun çəkəcəyini demişdi.

Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırmışdı. Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 156 mənzildən ibarətdir. Media nümayəndələrinin binasının açılış mərasimi bu il Milli Mətbuat gününü 138-ci il dönümündə baş tutdu. Elə həmin gün Prezident İlham Əliyev jurnalistlər üçün daha bir binanın tikintisi üçün göstəriş verdi.

AzNews.az