Nəsimi sakini icra başçısını reydə çağırdı

Nəsimi rayonu Novruz qardaşları küçəsi, "85 a" ünvanında yaşayan Əliyeva Səidə Şirməmməd qızı mətbuat vasitəsilə 59 saylı MKİS rəisi Ələsgər Rüstəmovun qanunsuz hərəkətlərindən icra hakimiyyəti başçısına şikayət edib.

Editor.az saytının yazdığına görə, şikayətçi MKİS rəisini onun yaşadığı və qonşuların ümumi istifadəsində olan həyətdə digər qonşunun qanunsuz tikinti aparmasına göz yummaqda ittiham edib: "Bizimlə eyni həyəti bölüşən Nadir adlı qonşumuz evinin damında tikdirəcəyi növbəti mərtəbə üçün həyətin bütün konstruksiyasını pozaraq, tikinti normativlərinə cavab verməyən hərəkətlərə yol verir. O, öz yaşayış şəraitini qanunsuz yollarla yaxşılaşdırmaq üçün bizim pəncərəmizin qarşısını kəsərək, burada tikinti işləri aparır. Bizim ümumi həyətin eni 4 metrdən az olsa da, Nadir bunun 2 metrini öz yeni tikilisinə cəlb edir".
Şikayətçinin sözlərinə görə, vaxtilə digər qonşular əlavə tikinti aparanda sakinlərin ümumi razılığını alıb. Ancaq o zaman hazırda tikinti aparan Nadir adlı şəxs buna mane olub: "İndiki halda özünün qanunsuz tikinti aparması göstərir ki, bu şəxsin arxasında məmurlar dayanır. Mən onun qanunsuz fəaliyyəti ilə bağlı dəfələrlə MKİS rəisi Ələsgər Rüstəmovun yanında olsam da, o, Nadirin əməllərinə haqq qazandırır. Nadiri təkcə onun deyil, yüksək rütbəli məmurların himayə etdiyini söyləyir. Hətta o, son görüşdə məni kobud ifadələrlə acılayaraq, mətbuat vasitəsilə edəcəyim şikayətə "öz başın ağrayacaq, get otur yerində" şəklində qarşılıq verib ".

Mətbuat vasitəsilə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyevə səslənən şikayətçi rayon rəhbərini ərazidə baxış keçirməyə və Ələsgər Rüstəmovun qanunsuz əməllərinə son qoymağa çağırıb.

Editor.az ünvanına səslənən ittihamlarla bağlı Nəsimi rayonu 59 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) rəisi Ələsgər Rüstəmovla əlaqə saxlayıb.

Əvvəlcə məsələdən xəbərsiz olduğunu deyən MKİS rəisi növbəti gün baş verən hadisəni təkzib edib: "Səidə Əliyevanı görüşə çağırmışam. O ərazidə heç bir tikinti aparılmır və bu qonşular arasındakı şəxsi ədavətdən başqa bir şey deyil".

AzNews.az