“Lalə Şövkətin ittihamları həqiqət deyil” - Novella Cəfəroğlu

Novella Cəfəroğlu: "Rauf Arifoğlu Milli Şuranın təmizliyini, möhkəmliyini istəyib. Yeri gəlmişkən, buna da nail oldu"


"Rauf bəy doğruları söyləyib. Bir jurnalist kimi prosesləri analiz edib, buna haqqı da var. Biz demokratiyadan, söz azadlığından danışırıq, amma bir nəfərin tənqidinə dözə bilmirik. Biz demokratik dövlət qurmaq istəyiriksə, tənqidlərə də dözməliyik. Bu baxımdan Rauf bəyin sözlərində heç bir qəbahət görmürəm. Baş redaktor öz fikirlərini yazıb və düşünürəm ki, haqlı deyib".

AzNews.az xəbər verir ki, bu sözləri "Yeni Müsavat"a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu son zamanlar qəzetə və baş redaktor Rauf Arifoğluna qarşı hücumlara münasibət bildirərkən deyib. Novella Cəfəroğlu bildiriи ki, son zamanlar mətbuatda və sosial mediada Rauf Arifoğluna qarşı qərəzli kampaniya aparılır. "Yeni Müsavat"ın hər zaman haqqı tapdanan insanların yanında olduğunu xatırladan hüquq müdafiəçisi baş redaktora ünvanlanan fikrilərin qərəzli olduğunu qeyd edиi: "Rauf Arifoğlu səviyyəsində Azərbaycanda bir neçə jurnalist ola bilər. Həm qələmi, həm analizlərinə görə çox az sayda jurnalist onunla müqayisə oluna bilər. İkincisi, Rauf Arifoğlu və onun rəhbərlik etdiyi qəzet hər zaman fərqli düşünən insanların üzünə açıq olub. "Yeni Müsavat" hər zaman haqqı tapdanan, təqib olunan, hüquqları pozulan insanların yanında olub, onları müdafiə edib. Bu kimi durumlarda Rauf Arifoğlu hər zaman öz mövqeyini ortaya qoyub, haqqı tapdanan insanlara dəstək verib. Bir neçə dəfə özüm bu işlərin şahidi olmuşam, şəxsən mənə qarşı olan hücumlar zamanı qəzetin dəstəyini görmüşəm. "Yeni Müsavat" bir məktəbdir, uzun illər çoxlu sayda jurnalist bu məktəbdə yetişib. Ona görə də bu gün Rauf Arifoğlu haqda deyilən sözlərin, tənqidlərin heç birini qəbul etmirəm, bunu edənləri qınayıram".

Milli Şura ilə bağlı son baş verənlərə toxunan N.Cəfəroğlu son hadisələrin Milli Şura daxilində mövqelərin bir daha dəqiqləşdirilməsinə səbəb olduğunu deyir: "Rauf Arifoğlu Milli Şuranın təmizliyini, möhkəmliyini istəyib. Yeri gəlmişkən, buna da nail oldu. EL hərəkatı açıqladı ki, onlar sadəcə İlqar Məmmədova imza yığmağa kömək ediblər, amma Şuradan getmirlər. Lalə xanımın partiyası Milli Şuradan getmək istəmir... Deməli Rauf bəyin açıqlamaları, yazıları Milli Şuranı daha da möhkəmlətdi. Milli Şura üzvləri bu prosesdən sonra özlərində daha çox cavabdehlik hiss edib fəaliyyətlərini gücləndirdilər. Bu baxımdan olanların fonunda Rauf Arifoğluna qarşı kampaniyaya çox təəssüf elədim. Rauf bəyin özü də, qəzeti də həmişə statusundan asılı olmayaraq hər kəsə açıq olub".

Hüquq müdafiəçisi son günlər 1998-ci ildə prezident seçkiləri ərəfəsi müxalifət daxildə baş verənlərlə bağlı ortaya atılan iddialara münasibət bildirib. ALP lideri Lalə Şövkətin İsa Qəmbər haqqında iddialarının haqlı olmadığını qeyd edən N.Cəfəroğlu hadisələrin başqa cür olduğunu bildirdi: "Lalə xanıma çox böyük hörmətim var. Bir qadın kimi, ona hörmət edirəm. Amma xatırlatmalıyam ki, 1998-ci ildə namizədlik məsələsi ilə bağlı İsa Qəmbəri ittiham eləməsi doğru deyil. 1997-ci ildə Əbülfəz Elçibəy Bakıya qayıtdıqdan bir qədər sonra prezident seçkiləri məsələsi gündəmə gəlib. Bu hadisə baş verərkən bir çoxları orda olub. Həmin vaxt Əbülfəz bəy prezidentliyə namizəd olmaq istəmirdi. Deyirdi ki, təzə qayıtmışam. Hətta xatırladığım qədəri ilə o zaman İsa bəydən də xahiş elədi ki, o da seçkilərə getməsin. Ancaq İsa bəyin Əbülfəz bəyin namizəd olmasını istəməməsi kimi bir hadisə olmayıb".

AzNews.az