İlham Əliyev açılış mərasimində iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidenti avtomobil yolunun texniki göstəricilərini əks etdirən stendə baxıb.

Məlumat verildi ki, ümumi uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılıb. Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə yolun tikintisinə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb. Artıq bu yolun 5,5 kilometrlik hissəsinin tikintisi başa çatdırılıb. Böyük iqtisadi əhəmiyyəti olan bu avtomobil yolu 8300 nəfərin yaşadığı 11 kəndi əhatə edir. Artıq Qaramanlı və digər kəndlərə məsafə 23 kilometr qısalıb.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev tikinti işlərinin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verib.

AzNews.az